Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xocalı şəhəri
Qədim Xocalı şəhəri Xocalıçay çayının sahilində yerləşir. Burada XVIII əsrin ortalarında divarlarının qalınlığı 2 metr, hündüyrlüyü 5-6 metr olan Əsgəran qalası tikilmişdir. Bu qala uzun müddət Qarabağ xanlığının mərkəzi Şuşaya can atan düşmənlərin yolunu kəsmişdir. Şuşaya gedən yolun kənarındakı Yuxarı Xanbağı deyilən yerdə vaxtilə bütün Qafqazda məşhur olan Tanrıverdi kişinin karvansarası yerləşirdi. Öz gözəl ənənələri və qonaqsevərliyi ilə seçilən bu karvansarada çayxana, musiqi salonu və dəlləkxana vardı. Bərdəyə, Gəncəyə, Bakıya, Tiflisə, İrəvana və Qafqazın başqa şəhərlərinə gedən faytonlar, furqonlar həmişə burada düşərgə salardı. Xocalı şəhəri Xocalı - Gədəbəy mədəniyyətinə aid edilən Xocalı qəbristanlığı ilə də məşhurdur. Tunc dövrünün sonuna və dəmir dövrünün əvvəlinə (bizim eradan əvvəl II minilliyin sonu - I minilliyin əvvəli) aid edilən Xocalı qəbristanlığı Qafqaz ərazisində bir qədim maddi mədəniyyətə ad vermişdir. Bu qəbristanlıqda daş qutular şəklində məqbərələr və hündürlüyü 1 metrdən 15 metrə qədər olan kurqanlar çoxdur. Burada həmçinin buzlaqlar dövründən qalmış kromlexlər və məngirlər vardır. Xocalı ətrafında qazıntı işləri zamanı orada üzərində oyma üsulu ilə həndəsi naxışlar çəkilmiş gil qablar və silahlar - keçmiş SSRİ ərazisində ilk dəfə qeydə alınmış enli düz qılınclar, xəncərlər, baltalar, çapacaqlar, eləcə də bürünc bəzək əşyaları tapılmışdır. Bu əşyalar indi dünyanın bir sıra məşhur muzeylərində saxlanılır.