Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Goranboy şəhəri
Rayonun mərkəzi Goranboy şəhəridir. Şəhərin yaxınlığında qədim Şatal şəhər - qalası yerləşir. Vaxtilə çox inkişaf etmiş bu şəhər qədim Gəncə və Bərdə şəhərləri arasındakı karvan yolunun üstündə yerləşirdi. Alban salnaməçisi Musa Kalankatlı özünün «Albaniya tarixi» kitabında qeyd etmişdir ki, Şatal Şəki, Şamaxı, şabran və Şəmkirlə eyni səviyyədə idi. Qədim mənbələrdən məlum olur ki, Şatal V - VI əsrlərdə şəhər kimi mövcud olmuş və müxtəlif vaxtlarda Şatar, Şatal, Şətəl, Şutur kimi adlanmışdır. 1231-ci ildə monqollar Gəncəyə, Beyləqana və Şəmkirə basqın edərkən, Şatal şəhərini yerlə yeksan etmişlər. Şatal şəhərinin əsrlər boyu mövcud olduğu ərazi indi «qala yeri», yaxınlıqdakı kənd isə «sevinc, şənlik, səadət» mənasında Şadlı adlanır. Rayon ərazisində aşağıda adları çəkilən tarixi və memarlıq abidələri var: Goran stansiyasında 2,5 km şimalda bizim eradan əvvəl I minilliyə aid insan məskənlərinin qalıqları; Goranboy şəhərində 2 km şimal-şərqdə tunc dövrünə aid Qoçtəpə yaşayış yeri; Qızılhacılı qəsəbəsi yaxınlığında orta əsrlərə aid Təpəyazılan məskəni, Balakürd kəndi yaxınlığında VII - VIII əsrlərə aid «Tosal ocağı» adlı abidə; Xangərvənd kəndi yaxınlığında XVIII əsrə aid abidə; Səfikürd kəndində XX əsrin əvvəllərində tikilmiş türbə, qala (XIII əsr) və XIX əsrdə tikilmiş məscid; Rəhimli kəndində XVIII - XIX əsrlərə aid türbə kompleksi, XIX əsrdə ucaldılmış Şatal qalası, XX əsrə aid Mirzə Adıgözəl bəy türbəsi; Qazanbulaq kəndində orta əsrlərə aid türbələr; Kürəkçay kəndində XIX əsrə aid qala, Gülüstan kəndində XII - XVII əsrlərə aid Gülüstan qalası. Nisbətən yaxın vaxtlarda Naftalan adlı kəndin yerində yaranmış Naftalan şəhəri bu rayonun məşhurlaşmasında mühüm rol oynamışdır. Kurort şəhəri olan Naftalanda bir neçə sanatoriya və pansionat var. Naftalanın əsas sərvəti - Naftalan neftidir. Naftalan adının etimologiyası «süzülən» və ya «axıb gedən» mənasını verən «nafta» sözündəndir. Midiyalılar yağı bu cür adlandırırdılar. Müalicəvi xassələrə malik olan Naftalan nefti əsəb, genikoloci, uroloci və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqlarının və dayaq - hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumalarının müalicəvi üçün müstəsna vasitə kimi bütün dünyada məşhurdur. Təsadüfi deyildir ki, qədim rəvayətə görə Medeya adlı cadugər qadın qədim yunan eposunun qəhrəmanı arqonaft Yasona qəribə bir məlhəm bağışlamışdır. Bu məlhəm onu oddan və yanğıdan qoruyur, bədəninə alov təhlükəsi olmamaq xassəsi bəxş etmişdir. Hələ qədim dövrlərdə Asiyanın müxtəlif guşələrindən, eləcə də uzaq Hindistandan Azərbaycana üz tutan minlərlə adam müxtəlif xəstəliklərdən xilas olmaq üçün buradan naftalan nefti aparır, öz vətənlərində həmin neftin köməyi ilə müalicə olunurdu. Neft tuluqları yüklənmiş dəvə karvanları buradan şərq ölkələrinə yollanırdı. 1887-ci ildə Yeqer familiyalı bir alman mühəndisi Almaniyada «Naftalan» məlhəmini istehsal etməyə başlamışdır. Bu məlhəm dünyanın bir sıra ölkələrinə ixrac edilirdi. Rus - Yapon müharibəsi dövründə yapon əsgərlərinin çantalarında içərisində naftalan məlhəmi olan kiçik qablar olurdu. Həmin qabların üzərində qısa, lakin çox ümidverici bir yazı vardı: «Kimdə bu məlhəm varsa, o heç bir yaradan qorxmasın». Naftalanda dünyada yeganə olan bir muzey var: bu muzeyin eksponatları - atılmış qoltuq ağaclarıdır. Xəstələr sağaldığı üçün onlara qoltuq ağacları daha lazım deyildi, buna görə də onlar həmin ağacları Naftalanda qoyub gedirdilər. Harada qalmaq olar Şəhər mehmanxanası. Yerli əhalinin icarəyə verdiyi münasib şəraitli və rahat evlərdə qalmaq mümkündür. Harada nahar etmək olar «Bahar» restoranında ləziz milli xörəklər hazırlanır, həmçinin kafe və qəlyanaltılarda münasib qiymətə səhər, nahar və şam yeməkləri verilir.