Müstəqil respublikamızın son illərdə iqtisadi sahədə qazandığı böyük nailiyyətlər cəmiyyət həyatının müxtəlif sahələrində tərəqqi və intibaha xidmət edən islahatları yüksək dinamika ilə gerçəkləşdirmək imkanı yaratmışdır. Bu resurslardan maksimum istifadə yolu ilə xalqın intellektual sabahı, fiziki-mənəvi sağlamlığı baxımından əhəmiyyət daşıyan səhiyyənin problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan səhiyyə islahatlarının başlıca qayəsini də məhz bu fundamental prinsiplərin sistemli surətdə reallaşdırılması, dünya səhiyyə sisteminin mütərəqqi yeniliklərinin respublikamızda geniş tətbiqidir.
Son illər səhiyyə sisteminin keyfiyyətcə yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasətin tərkib hissəsinə çevrilmişdir. Səhiyyə müəssisələrinin maddi-texniki bazası müasirləşir, yeniləşir, ən yüksək texnologiyaların tətbiqi əhaliyə göstərilən tibbi xidmətin yüksəlməsini təmin edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi «Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı»na dair birinci və ikinci dövlət Proqramları uğurla başa çatmış, nəticədə bölgələrdə insanlara yüksək səviyyədə tibb xidməti göstərən yeni xəstəxanalar, poliklinikalar tikilmiş, əsaslı şəkildə yenidən qurularaq bərpa olunmuş, zəruri tibb ləvazimatları ilə təmin olunmuşdur.
Ümumilikdə 2003-2013-cü illərdə 500-ə yaxın səhiyyə müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur ki, bunun 70 faizi regionların payına düşür. Bu illər ərzində Milli Onkologiya Mərkəzi, Akademik Z.Əliyeva adına Milli Oftolmologiya Mərkəzi, M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi, Respublika Perinetal Mərkəzi, Akademik M.Cavadzadə adına Respublika Uroloji Xəstəxanası, Azərbaycan Tibb Universitetinin klinikaları, Klinik Tibbi Mərkəz, Respublika Klinik Uşaq Xəstəxanası, Uşaq Nevroloji Xəstəxanası və digər iri obyektlər tikilmişdir.
2005-ci ildən başlayaraq səhiyyənin ən vacib sahələri üzrə 11 Dövlət Proqramı qəbul olunmuş və hal-hazırda həyata keçirilməsi davam etdirilir. Bunlar göstərir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bazar iqtisadiyyatı şəraitində «Sosial dövlət» konsepsiyasına daim üstünlük verərək bu yolda atılan bütün addımlarda məhz əhalinin rifahı, sağlamlığı və firavanlığı məsələlərini ön planda saxlamışdır. Hazırda Azərbaycanın ötən illərdə insan inkişafı sahəsində mühüm uğurlar qazandığını əksər beynəlxalq təşkilatlar da etiraf edirlər. BMT-nin İnkişaf Proqramının 2013-cü ildəki hesabatında Azərbaycan insan inkişafı indeksinə görə dünya dövlətləri reytinqində 82-ci yeri tutur.
Respublikada aparılan bu siyasət sayəsində vətəndaşların sosial təminatı, sağlam ətraf mühitdə yaşamaq, istirahət, mənzil, təhsil və digər hüquqları ilə yanaşı, səhiyyə hüquqlarının da etibarlı müdafiəsinə mükəmməl institusional-qanunverici təminatı mexanizmi formalaşdırılmışdır. 2013-cü ilin dövlət büdcəsində səhiyyə xərcləri 666,3 milyon manat təşkil etmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyev yeni tələblərə cavab verən səhiyyə müəssisələrinin tikilməsi, mövcud tibb ocaqlarının təmiri və yenidən qurulması məqsədilə böyük əhəmiyyət kəsb edən fərman və sərəncamlar imzalamışdır. Ötən illərdə Heydər Əliyev Fondunun reallaşdırdığı səhiyyə layihələrinin əhəmiyyəti də xüsusi vurğulanmalıdır. «Talasemiyasız həyat naminə», «Diabetli uşaqlara yardım» və s. layihələr bu baxımdan olduqca əhəmiyyətlidir. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa olunmuş diaqnostika mərkəzləri, xəstəxanalar, uşaq evləri ölkə səhiyyəsinə böyük töhfə olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkənin ictimai həyatının bütün sahələri kimi səhiyyə və tibb elmi də qloballaşan dünyada inteqrasiya proseslərinə cəlb olunmuşdur. Çünki Ümumdünya Səhiyyə Təşkilatı səhiyyə məsələləri ilə bağlı ölkəmizə müxtəlif təkliflər, tövsiyələr verir, eyni zamanda həyata keçirilən mütərəqqi islahatları daim diqqət mərkəzində saxlayır. Bu təşkilatın reallaşdırmağa başladığı «Sağlamlıq-2020» Fəaliyyət Proqramının əsas məqsədi hər bir kəsin sağlamlığının tam potensialına nail olmaq imkanının yaradılmasıdır. Bu siyasət isə dünyada sağlamlığa və firavan yaşayışa yeni baxışı nəzərdə tutur.
Səhiyyə müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması və əhalinin sağlamlığının qorunması sahəsində 2013-cü ildə rayonda da işlər davam etdirilmişdir. Hazırda əhalinin sağlamlığı keşiyində 3 xəstəxana, 20 həkim və 40 tibb məntəqəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 150 həkim və 464 orta tibb işçisi əhaliyə tibbi xidmət göstərir. Ötən il Xan Qərvənd kənd xəstəxanasında əsaslı, Qızılhacılı qəsəbə həkim məntəqəsində cari təmir işləri aparılmışdır. Səhiyyə müəssisələrinin inventar və avadanlıqlarla təminatı da yaxşılaşdırılmışdır. 85.500 manatlıq bərk inventar, 41.000 manatlıq isə yumşaq inventar alınaraq müəssisələrə paylanılmışdır. İmtiyazlı xəstələrin dərman təminatı da yaxşılaşdırılmışdır. 2013-cü ildə 480.599 manatlıq dərman və sarğı materialları alınaraq xəstələrə verilmişdir.
Son illər əhaliyə səyyar tibbi xidmət göstərilməsinə diqqət artırılmışdır. 2013-cü ildə təsdiq olunmuş qrafik əsasında 65 yaşayış məntəqəsində səyyar tibbi xtdmət təşkil olunmuş, müraciət edən xəstələr müayinə edilmiş, ehtiyacı olan xəstələr stasionar və ambulator müalicəyə cəlb olunmuşlar.
Ana və uşaqlara göstərilən tibbi xidmətə diqqət artırılmışdır. Xüsusilə uşaqlar arasında profilaktiki peyvəndlər nəzarət altında aparılmışdır. Nəticədə son illər 0-1 yaşlı uşaqlar arasında ölüm faizi aşağı düşmüşdür. 2013-cü ildə 1404 uşaq doğulmuş, 0-1 yaşadək 7 uşaq ölmuşdur ki, bu da 5,2 promilli təşkil edir. Bu göstərici respublika göstəricisindən 1,5 dəfə azdır.
Həkimlərin və orta tibb işçilərinin peşə hazırlığının artırılması üçün 2013-cü ildə 15 həkim və 62 orta tibb işçisi təkmilləşdirmə kursundan keçmişdir. Səhiyyə Nazirliyi tərəfindən isə 91 həkim, 188 orta tibb işçisi sertifikasiyadan keçirilmişdir.
2014-cü ildə rayon Mərkəzi xəstəxanası əsaslı şəkildə yenidən qurulacaq, Quşçular kəndində tibb məntəqəsi üçün yeni bina tikiləcəkdir.