Goranboy rayonu Bakı şəhərindən 322 km məsafədə Azərbaycanın qərb bölgəsində yerləşməklə şimal-şərqdən-Yevlax, cənubi-şərqdən-Tərtər, cənubi-qərbdən-Kəlbəcər, qərbdən-Göygöl, şimal-qərbdən-Samux rayonları ilə həmsərhəddir. Sahəsi-1760 km2, əhalisi-108.792 min nəfərdir. Bundan başqa rayon ərazisində 9992 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır.
Rayonda 2 şəhər, 6 qəsəbə, 79 kənd var. Rayon kiçik Qafqazın şimal-şərq ətəklərində yerləşməklə, səthi şimala doğru alçalan dağlıq və düzənlikdir.
Cənub və cənub-qərb hissəsini Murovdağ silsiləsinin şimal yamacları əhatə edir. Rayonun şimalını Mingəçevir su anbarının sahili boyunca yerləşən Bozdağ əhatə edir. Ərazidə Poleogen, Neogen və Yura-Antropogen dövrünün çöküntüləri yayılmışdır. Ərazinin geoloji inkişaf tarixi bir-birindən fərqlənən iki böyük tektonik zona daxilində formalaşmışdır.
Rayonun cənubunda Murovdağ zirvəsinin şimal-qərb və Kəpəz şərq yamaclarında 7-9 ballıq zəlzələlərin dağıdıcı fəaliyyətinin nəticəsindən böyük uçurumlar yaranmışdır.
Rayonun şimalında dəniz səviyyəsindən hündürlük 50 m, cənubunda-Murovdağda ən yüksək zirvə-Gamış dağda 3724 m-dir. Rayonun relyefi aşağıdakı morfostrukturlara bölünür:
1. Bozdağ alçaq dağlıq
2. Qazanbulaq-Naftalan düzənliyi
3. Gəncə-Goranboy düzənliyi
4. Ağcakənd düzənlik və tirləri
5. Göygöl yayla və dağları
6. Kəpəz dağları
7. Murovdağ şərqsıra dağları
Qazanbulaq-Naftalan düzənliyi rayonun böyük hissəsini əhatə edir. Mütləq hündürlüyü 300-800 m arasında dəyişir. İncəçayın və Kürəkçayın gətirmə konusları ilə mürəkkəbləşmiş qırıntılı çay daşlarından, qum və gillərdən təşkil olunmuşdur.
Uzunluqları 10-12 km-ə çatan yarğan-qolu şəbəkəsi Qurudərə, Gürzalılar, Aşağı Ağcakənd zonlarında yerləşir. Rayonun cənubunu əhatə edən Murovdağda kiçik Qafqazın ən yüksək zirvələri-Gamışdağ (3724 m), Murovdağ (3340 m), Keçəldağ (2225 m) yerləşir.
Goranboy rayonu mürəkkəb geoloji qurluşa malik olaraq əhəngdaşı, gips, gil, barit, tikinti daşı, delomit, qırmızı qum, narın qum, yodlu yeraltı suları, neft (yağ-neft) və s. kimi faydalı qazıntılar və sərvətlərlə zəngindir. Rayonun Qazanbulaq, Cinli Boluslu və Borsunlu ərazisində də müalicə əhəmiyyətli qaynar su təbii sərvət kimi istifadə olunur.
Tikinti materialları ilə zəngin olan rayonda, Sarıyoxuşda, Qazanbulaqda karbonatlı tikinti materialları yataqları, Ağcakənd zonasında gips yataqları, Qarqucaq ərazisində odadavamlı gil, geolin yataqları, Tap Qaraqoyunlu, Hacallı, Səfikürd kəndlərində çay daşı, kvars qumu kimi tikinti materialları var. Murovdağın şimal-şərq yamacında barit yatağı mövcuddur. Rayonun dağətəyi və dağlıq zonaları mineral bulaqlarla zəngindir.
Goranboy rayonun təbii şəraitindəki müxtəliflik özünü iqlim dəyişkənliyində də biruzə verir: yüksək dağlıq tundra iqlimi, qışı quraq keçən soyuq iqlim, qışı quraq keçən mülayim-isti iqlim, yayı isti keçən yarımsəhra və quru çöl iqlimi. Dağətəyi və dağlıq zonada qışı nisbətən sərt, yayı isə sərin keçir. Rayonda ümumi radiasiyanın illik miqdarı şimalda-128 k kal/sm, cənubda-124 k kal/sm təşkil edir, illik yağıntı şimalda-300,400 mm, cənubda-600,900 mm-dir. Rayon ərazisində, əsasən şərq və qərb istiqamətli küləklər əsməklə, orta illik surəti 300-400 m/san-yə çatır. Rayon ərazisində mənbəyini kiçik Qafqazın şimal-şərq yamacından götürən, kür çayı hövzəsinə aid olan Kürəkçay, Gorançay, incəçay, Buzluqçay, Korçay, Qaraçay və s. kimi çaylır axır. Çayların əsas qida mənbəyi qrunt, qar və yağış sularıdır. Çayların ən gursulu dövrləri yazın və yayın əvvələridir. Çayların suyundan suvarmada istifadə olunur. Ən böyük çaylar mənbəyini kiçik Qafqazın Murovdağ və Kəpəzdən götürən Kürəkçay və onun sağ qolu olan Gorançaydır. Kürəkçay üzərində 2 kiçik su anbarı-həcm 1,2 mln m3 olan Şıxlar, həcm 1,2 mln m3 olan Hazırəhmədli və Səfikürd kəndində həcmi 3,4 mln m3 olan Səfikürd su anbarları yaradılmışdır. Rayonun yüksək dağlıq hissəsində seysmik mənəşli bir neçə xırda göl vardır. Su ehtiyatına müxtəlif bulaqlarla yanaşı artezian suları da daxildir.
Düzənlik, dağətəyi və dağlıq zonalardan ibarət olan rayonun torpaqları şabalıdı, tünd şabalıdı, dağ boz-qəhvəyi, qonur dağmeşə, çimli dağçəmən, açıq şabalıdıdır. Əkinə yaralı torpaqlardan pambıqçılıq, taxıçılıq və heyvandarlığın inkişafında istifadə olunur. Əsas bitki örtyü yovşanlı və yovşanlı-şoranotlu yarımsəhra və çöl bitkilərindən, alp və kollu və seyrəkmeşəli çəmənlərdən, qayalıq və ovuntu bitkilərindən ibarətdir. Meşə zolaqlarının ümumi sahəsi 10 min ha yaxındır. Meşələr enliyarpaqlı palıd, vəsəl, fıstıq, göyrüş, yemişan, qoz kimi ağac növləri, kəklikotu, itburnu, sarıçiçək, qantəpər kimi dərman bitkiləri ilə zəngindir. Qədim zamanlardan həmin bitkilərdən yerli əhali müxtəlif xəstəliklərin müalicəsində istifadə etmişdir.
Rayon ərazisində canavar, tülkü, çaqqal, bozdovşan, turac, çölsiçanı, dovdaq, bəzgək, jenot, ceyran, cüyür, daşlıq dələsi, meşə pişiyi, ayı, meşə sülöysini, qırmızıquyruq qum siçanı, kürzə kimi canlılar vardır. 1961-ci ilin noyabrında rayon ərazisindəki nadir heyvan və quş növlərini (ceyran, dovşan, kəklik, turac və s.) qorumaq üçün ümumi sahəsi 15000 ha olan korçay dövlət yasaqlığı yaradılmışdır. 2007-ci ildə yasaqlığın bazasında Korçay Dövlət Təbiət Qoruğu yaradılmışdır.
Rayon əhalisinin tam əksəriyyəti azərbaycanlıdır. Az sayda Ruslar, Ukraynlar, Belaruslar da yaşayır. Əhali islam dininə etiqad göstərir. Rayonda 7 məscid və 7 dini icma fəaliyyət göstərir ki, bunların da hər biri islamyönümlüdür. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Əhalinin 25 faizə qədəri şəhərlərdə (Goranboy və Dəliməmmədli şəhərləri), qalanı isə qəsəbə və kəndlərdə məskunlaşmışdır. Qeyd edək ki, rayon inzibati vahid kimi yaradılanda (1930-cu il) əhalisi 36 min 853 nəfər olmuşdur.
Ərazisinin böyük hissəsinin düzənlik olması mənimsənilmə üçün əlverişlidir. Əhalinin orta sıxlığı 1 km2-də 54,99 nəfər təşkil edir.
Əhalinin yüksəklik qurşağı üzrə paylanma göstəricisi 100-200 metr yüksəklikdə dəyişir. Əhalinin əsas say artımı təbii artım hesabına baş verir. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı, əkinçilik və heyvandarlıqdır. Bundan əlavə rayonda sənaye məhsullarının istehsalı müəssisələri, yeyinti, tikinti və aqrar sənaye obyektlərinin inkişaf etdirilməsi əhalinin yeni məşğulliyyət sahələrinin yaranmasına zəmin yaradır.