Goranboy rayonu Azərbaycan SSR Mərkəzi icraiyyə komitəsinin 8 avqust 1930-cu il tarixli Qərarı ilə Respublikanın inzibati ərazi bölgüsü olmaqla inzibati rayon kimi yaradılmışdır. Həmçinin həmin il, icraiyyə komitəsinin 477 №-li qərarı ilə rayonun tarixi torpaqları hesabına rayonun Gülüstan ərazisi də daxil olmaqla, Yuxarı və Aşağı Ağcakənd ərazisində Aşağı Ağcakənd rayonu da yaradılmışdır. 1938-ci il 8 sentyabr tarixində icraiyyə komitəsinin növbəti Qərarı ilə Goranboy rayonun tarixi adı dəyişdirilərək Qasım İsmayılov, Aşağı Ağcakənd adı isə Şaumyan rayonu adlandırılmışdır. Azərbaycan Respublikası Ali sovetinin qərarı ilə 1991-ci il 12 fevral tarixli eyni ərazidə iki rayonun mövcudluğu lüzumsuz hesab edilərək Şaumyan rayonu ləğv edilmiş, Goranboyun öz tarixi torpaqları və tarixi adı özünə qaytarılmışdır. «Goranboy» sözünün özünü alimlər müxtəlif cür izah edirlər. Bəzi tarixçilər toponimin «Goran» və «boy» sözlərindən əmələ gəldiyini ehtimal edir. «Goran» sözünün kökü olan Gor (qor) sözünün od, odlar yurdu, «boy» sözünün nəsil, qəbilə mənalarında işləndiyini bildirirlər.
Məhşur coğrafşunas Strabonun 17 kitabdan ibarət «Coğrafiya» əsərində adı çəkilən 26 tayfadan biri məhz «Ger» tayfası olmuşdur.
Bunu görə də Goranın Gel, Gor tayfalarının məskunlaşdığı ərazi, yer adı kimi tarixə düşdüyü ehtimal olunur. Başqa mənbələrdə «Gor» sözü«kitabi Dədə-
Qorqud»da qeyd olunan «Gor» sözü ilə eyniləşdirirlər.
Burada «Gor» sözü çoxlu qəbir, məzar yeri mənasındadır ki, bu da bu ərazilərin qədim insan-yaşayış məskənlərindən olduğunu isbat edir. XIV əsr tarixçisi Rəşidəddinin tədqiqatlarına görə 1000 ədəd alaçığın dairəvi şəkildə düzülməsi və dairənin mərkəzində sərkərdənin (ordu başçısının) alaçığının yerləşməsi
Goran adlanmışdır. Məhz monqolların Gəncəyə hucumları zamanında Gəncəyə yaxın ərazidə Goran düzünün olması da tarixi həqiqətlərdəndir. Digər mənbələrdə isə Goran toponimini Qarabağ mahalının Kolanı tayfası ilə də bağlayırlar.
Azərbaycanın müxtəlif ərazilərində Goran kompanentli aşağıdakı toponimlərə rast gəlinmiş və həmin adlar müasir dövrümüzdə də qalmaqdadır: Goran çayı, Goran düzü, Goranboy, Goran, Goranlı (Goranboy rayonunda), Goran qalası (Şərur rayonunda), Goranlının düzü (Daşkəsən rayonunda), Goranlı kəndi (Eçmiədzin rayonu, İrəvan xanlığının Sərdarabad mahalı və s). İndiki Ermənistan ərazisində də türk toponomlərinin olması, o cümlədən «Goran» toponoiminin, bu ərazilərin qədim türk yaşayış məskənlərindən olduğunu sübut edən tarixi faktlardan biridir.
Goranboy çoxəsrlik tarixə malik yurd yerlərindən, qədim türklərin yaşadığı insan məskənlərindən biri kimi Azərbaycan tarixinin tədqiqatlarla zəngin səhifələrindəndir.
Qədim tarixçilərin səlnamələri, orta əsr və müasir dövr tarixçilərinin araşdırmaları və eləcə də müxtəlif dövrlərdə arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət abidələri, memarlıq və tarixi tikililər bu ərazinin qədimiliyindən xəbər verir. 3-4 minillik tarixi olan Səfikürd və Borsunlu kurqanları, Erkən orta əsrlərin qala şəhərlərindən olan Şətəl şəhəri, Alban məbədi, XII əsrin memarlıq abidəsi olan Gülüstan qalası və eləcə də bəzi dəyərli arxiv materialları deyilənlərin əyani subutlardır.
Qeyd etmək yerinə düşər ki, 1805-ci il 14 may tarixli Kürəkçay (Qarabağ-Rus), 1813-cü il 13 oktyabr tarixli Gülüstan (Rus-iran) müqavilələri məhz Goranboyun tarixi əraziləri olan indiki Kürəkçay və Gülüstan ərazilərində imzalanmışdır.