2017-ci il noyabr ayının 10-da muzeyin açılış mərasimi olmuşdur.
Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
Mirzə Şəfi Vazeh Muzeyi “Heydər Əliyev Fondu”nun dəstəyi ilə şəhərin Gülüstan qəsəbəsində inşa edilmişdir.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazeh 1794-cü il iyunun 14-də Gəncədə anadan olmuşdur.
Erkən yaşlarından poeziyaya böyük həvəs göstərən M.Ş.Vazeh mədrəsədə dinin əsaslarını öyrənmiş. Burada təhsilini başa çatdırdıqdan sonra isə ərəb və fars ədəbiyyatı, azərbaycan və rus klassiklərinin əsərləri, sufilik fəlsəfəsi ilə dərindən maraqlanmışdır. Ərəb və fars dillərini öyrəndikdən sonra Şərqin bir çox klassiklərinin yaradıcılığı ilə tanış olmuşdur.
Mirzə Şəfi Vazeh 1820-ci ildə Gəncədə yaratdığı “Divani-Hikmət” ədəbi məclisinini fəaliyyətini 1844-cü ildə Tiflisdə yenidən bərpa etmişdir.
Muzeydə Mirzə Şəfi Vazehin yaradıcılıq irsinin öyrənilməsinin gücləndirilməsi haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1981-ci il iyunun 8-də imzalanmış qərar və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 3 fevral tarixli sərəncamı nümayış olunur.
Muzeyin yerləşdiyi parkın ərazisi 2 hektardır. Parkın giriş hissəsində müasir və klassik memarlıq elementlərini təcəssüm etdirən mərmər üzlüklə bəzədilmiş, hündürlüyü 7 metr, uzunluğu 17 metr olan tağbənd qurulmuş, yaşıllıq salınmış, dekorativ gül kolları əkilmiş, 2 fəvvarə quraşdırılmışdır.
Parkda Mirzə Şəfi Vazehin möhtəşəm heykəli ucaldılmışdır.