Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin əsası 1924-cı ildə qoyulmuşdur. Muzeyin yaradılmasında Gəncə Seminariyasının bir qrup müəllim və tələbələrindən İ.Cəfərzadə, S.Seyidov, C.Rəfibəyov, F.Məlikov və başqaları fəal iştirak etmişlər. İlk illər muzey 2 şöbədən ibarət olmuşdur: diyarşünaslıq və kənd təsərrüfatı. Muzeyin 500-dən çox eksponatı var idi.
1927-ci ildə Göy-göl rayonunda mənşəcə alman olan Y.İ.Hümmel arxeoloji qazıntılar aparmışdır. O, tapılmış eksponatların bir hissəsini Göy-göl Diyarşünaslıq Muzeyinə təhvil vermiş, digər hissəsini isə öz vətəninə göndərməyə nail olmuşdur. 1961-ci ildə Göy-göl və Gəncə muzeyləri birləşdirilmişdir.
1954-cü ildə N.Gəncəvi adına Ölkəşünaslıq Muzeyi Əzizbəyov 260 ünvanına köçürülmüşdür. Həmin vaxtlar muzey 7 böyük zaldan ibarət olmuş və 3 şöbəyə bölünmüşdür: Təbiətşünaslıq, İnqilaba qədərki dövr və Sovet dövrü.
Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyi 1972-ci ildə indi yerləşdiyi binaya köçürülmüşdür. Bu bina Cavad Xanın nəticəsi İsmayıl Xan və Adil Xan Ziyadxanovların şəxsi mülkü olub. Cavad Xan Gəncənin axırıncı müstəqil xanı idi. Gəncə əyalətində irsi olaraq müstəqil hökmranlığa malik idi. Adil Xan və İsmayıl Xan Ziyadxanovlar Cavad Xanın nəvəsi Əbülfət Xan Ziyadxanovun oğulları idi. Adil Xan ADR-nın dövründə Azərbaycanın İrandakı səlahiyyətli nümayəndəsi olmuş, ADR-nın süqutundan sonra isə Türkiyəyə mühacirət etmişdi. Gəncənin polis rəisi olan İsmayıl Xan isə 1920-ci ildə istintaqsız, məhkəməsiz güllələnib. Onların şəxsi mülkü olan bina da bir çox binalar kimi sovetlərin əlinə keçib. Sovet dövründə burada bir çox idarə və təşkilatlar yerləşib. Bina bu gün də Cavad Xanın, eləcə də ADR-nın varisi kimi canlı bir tarix olaraq öz əzəmətini qoruyub saxlayır.
Hal-hazırda muzeyin 30 mindən çox eksponatı vardır. Muzeyin ekspozisiyasında Gəncənin ən qədim dövrlərindən başlamış son zamanlara qədər olan tarixi, arxeoloji tapıntı nümunələri, maddi-mədəniyyət abidələri, etnoqrafik, epiqrafik, numizmatik nümunələri 18 salonda nümayiş etdirilir.
(022) 256-35-94