Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Gəncə Dövlət Kukla Teatrı

 

 

Teatrın binası XIX əsr tarix-memarlıq abidəsidir. Bina 1885-ci ildə almanlar tərəfindən lüteran kilsəsi kimi inşa edilmişdir. Belə ki, 1826-1828-ci illər Rusiya-İran, 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra Gəncə vilayətinə almanlar köçürülmüşdür. 1818-ci ildə Gəncəyə gətirilən almanların bir qrupuna Gəncəbasarda ən məhsuldar yer sayılan, vaxtilə Cavad Xana məxsus, 1813-cü ildə müsadirə edilmiş 4498 desyatin torpaq sahəsi verilib. Gəncədə yaşayan almanlar 1941-ci ilin avqustuna kimi bu ərazidə yaşamışlar. 1897-ci il məlumatına görə Gəncə qəzasında 3086, şəhərdə isə 103 nəfər alman yaşayırdı. Təbii ki, uzun müddət Gəncədə yaşayan almanlar burada öz dini ibadət ocaqlarını inşa etmişlər. 1915-ci ildə almanlar Gəncə şəhərindən köçən zaman bina provoslavların istifadəsinə verilmişdir.

Tikintidə əsasən tuf daşından istifadə olunmuşdur. Binanın ümumi sahəsi 650 m2-dir. 1 zal, 1 foye və 15 otaqdan ibarətdir. Əhməd Cəmil küçəsində yerləşən, xristian dini abidələr sırasına daxil edilən bu binada hazırda Gəncə Dövlət Kukla Teatrı fəaliyyət göstərir.

Gəncə Dövlət Kukla Teatrı Azərbaycan SSR Nazirlər Sovetinin 18 sentyabr 1986-cı il tarixli 299 saylı əmrinə əsasən yaradılmışdır.

Bu müddət ərzində teatrda 100-ə yaxın tamaşa hazırlanmışdır. Repertuarda Azərbaycan yazıçıları ilə bərabər dünya xalqlarının əsərlərinə də üstünlük verilir.

Tearda ildə 250 tamaşa oynanılır. Hər il proqnoz üzrə 4 tamaşa hazırlanır.

Teatr şəhərin mədəni-kütləvi tədbirlərində öndə iştirak edir. Eyni zamanda teatrın kollektivi xeyriyyə tamaşaları ilə qocalar və kimsəsizlər evində, uşaq evində, SOS uşaq kəndində musiqili-əyləncəli tamaşalarla çıxışlar edir.

Gəncə Dövlət Kukla Teatrı bir çox Beynəlxalq festivallarda uğurla iştirak edib.

Ünvan:
Əhməd Cəmil küçəsi 105
Telefon:

(022) 256-97-10