Sərkar kənd Uşaq Musiqi Məktəbi 2001-ci ildən fəaliyyət göstərir. Məktəbdə fortepiano, skripka, tar, kamança, qanun, qarmon, nağara və xanəndəlik ixtisasları tədris olunur.
Məktəbdə ümumilikdə 283 nəfər şagird təhsil alır. Bu ixtisaslar üzrə 62 nəfər müəllim pedaqoji fəaliyyət göstərir.
Məktəbdə dərslər tədris planına uyğun şəkildə planlaşdırılaraq tədris olunur. Dərslər müəllimlərin ixtisasına və peşəkarlıq səviyyəsinə uyğun olaraq müəyyənləşdirilir.
Məktəbdə təhsilin keyfiyyətini gücləndirmək məqsədi ilə mütəmadə olaraq metodiki mühazirələr və ustad dərslərin keçirilməsi təşkil edilir. Ustad dərslər məktəbdə fəaliyyət göstərən ali ixtisaslı müəllimlər və Gəncə Musiqi Kollecindən dəvət edilmiş peşəkarlar tərəfindən keçirilir.
Məktəbdə görkəmli bəstəkarların yaradıcılıq gecələri, bayram konsertləri keçirilir. Rayonda keçirilən dövlət bayramlarının bədii hissəsinin yüksək səviyyədə təşkil edilməsi, kənd sakinləri qarşısında konsert proqramlarının təşkilidə məktəbin kollektivi tərəfindən həyata keçirilir. Samux rayon Heydər Əliyev Mərkəzində mütəmadi olaraq məktəbin istedadlı şagirdlərinin və müəllimlərin iştirakı ilə konsertlər, muğam gecələri keçirilir.
2016-cı ilin iyun ayında məktəbin müəllim və şagirdlərindən ibarət böyük bir qruppa Ağdaş şəhər Habil Əliyev adına Uşaq Musiqi məktəbində geniş konsert proqramı ilə çıxış etmişdir. Ağdaş şəhər Habil Əliyev adına Uşaq Musiqi məktəbinin rəhbərliyi başda olmaqla bütün kollektiv məktəbimizin fəaliyyətini yüksək qiymətləndirmişdir.
Məktəbdə şagirdlərdən ibarət xalq çalğı alətləri ansamblı, nağara çalanlar ansamblı, skripka çalanlar ansamblı, birləşmiş xor kollektivi yaradılmışdır.
Məktəbin şagirdləri Respublikada keçirilən bütün festival və müsabiqələrdə iştirak edir, yüksək nəticələr əldə edərək fəxri fərman və diplomla qiymətləndirilirlər.