Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncədə “Novruz – 2019” ümumşəhər bayram tədbiri

18.03.2019

Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin adını daşıyan Park Kompleksdə “Novruz – 2019” ümumşəhər bayram şənliyi keçirildi. Şənliyə gələn Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı cənab Niyazi Bayramovu və digər rəsmiləri milli geyimli qızlar şərbətlə qarşıladılar. Gəncə Dövlət Dram Teatrının aktyorlarının ifasında Gəncənin tarixi şəxsiyyətlərinin – Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin, Cavad xanın çıxışları maraqla qarşılandı. Dədə Qorqud və Bahar qız Azərbaycan xalqını Novruz bayramının gəlişi münasibəti ilə təbrik etdilər. Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı cənab Niyazi Bayramov Novruz tonqalını alovlandırdı. Novruzun əsas personajlarından olan Kosa və Keçəlin oyunu şənlik iştirakçılarında Bahar əhval-ruhiyyəsi yaratdı. F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Üvertura”nı təqdim etdi. Filarmoniyanın “Göy-göl” Dövlət Mahnı və Rəqs Ansamblının ifasında “Toy” rəqsi şənlik iştirakçılarının sevincinə səbəb oldu. Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında Azərbaycan şairi Məhsəti Gəncəvinin həyatından bəhs edən “Məhsətinin urfan məclisi” tamaşa göstərildi. Bayram şənliyinin rəsmiləri Novruzu əks etdirən Qədim Gəncə sərgilərinə baxdılar. Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında “Bazar səhnəsi” şənliyə gələnlərin marağına və alqışlarına səbəb oldu. Filarmoniyanın uşaq rəqs qrupu “İgidlər” rəqsini təqdim etdi. Gəncə Musiqi Kollecinin “Ozan” qədim milli musiqi alətləri ansamblı “Gənc qığılcımlar” skripkaçalanlar ansamblı, “Buta” ansamblı maraqlı musiqi nömrələri ifa etdilər. Gəncə şəhər məktəbəqədər təhsil müəssisələrinin Gəncə Uşaq evinin Azərbaycan və xarici ölkə rəqsləri də maraqla izlənildi. Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçalanlar ansamblının “Gəncə gönçələri” mahnı və rəqs ansamblının, Gəncə şəhər uşaq musiqi məktəblərinin birləşmiş xalq çalğı alətləri orkestrinin çıxışları da şənlik iştirakçılarına əsil bayram ovqatı bəxş etdi. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, Təhsil İdarəsinin qədim milli idman oyunları, milli güləş, şərbəst güləş, boks, qol güləşi, karate, kəndirdartma və s. şənliyə gələnləri maraqla izlədikləri çıxışlar oldu. Bayram şənliyində Azərbaycan milli mətbəxini ləziz yeməkləri, müxtəlif şirniyyatlar xüsusən də gəncə paxlavası, plov, kabab növləri, müxtəlif salatları, meyvə şirələri, meyvələr və təamlar şənlik iştirakçılarına təqdim olundu. Gəncədə keçirilən “Novruz – 2019” ümumşəhər el şənliyi günorta saatlarınadək davam etdi.