Xocalı şəhər 4 nömrəli tam orta məktəbin futbol stadionunda Xocalı rayon mədəniyyət evinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahmar Usubov, rayon idarə, müəssisə rəhbərləri və işçiləri, N saylı hərbi hissənin şəxsi heyəti və qəsəbə sakinləri iştirak edirdi.
Bayram şənliyində Xocalı rayon Mədəniyyət evinin, Xocalı şəhər 1 və 3 nömrəli Uşaq musiqi məktəbinin, Xocalı rayon məktəblərinin kollektivləri fəal iştirak etdilər.
İlk olaraq Xocalı rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahmar Usubov çıxış edərək qəsəbə sakinlərini Novruz bayramı münasibətilə təbrik etdi, onlara uzun ömür, can sağlığı arzuladı və gələn il bu bayramı doğma Xocalımızda, Qarabağımızda keçirməyi arzu etdi.
Bayram şənliyində milli adət-ənənələrimizi əks etdirən Dədə Qorqud kompozisiyası, vətənpərvərlik ruhunda səhnəcik, milli rəqslər və şən əhval-ruhiyyəli musiqilər nümayiş etdirildi.
Novruz bayramının personajlarından olan Kosa və Keçəlin gülməli deyişmələri, məzəli hərəkətləri, gənc pəhləvanların güləşi, xoruz döyüşü, cavanların at üzərində göstərdiyi məharət və digər Novruz adət-ənənələrini təcəssüm etdirən kompozisiyalar, izləyənlər tərəfindən maraqla qarşılandı.
Bayram tədbirində bişirilən milli xörəklərimiz, şirniyyatlarımız qəsəbə sakinlərinə və əsgərlərə paylandı.