Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar xocalıların ümumrayon yürüşü keçirildi

26.02.2019

Xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ümumrayon yürüşü keçirildi. Ümumrayon yürüşündə Xocalı rayon İcra Hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri və qəsəbə sakinləri iştirak etdilər.

Yürüş iştirakçıları Xocalı soyqırımında qətlə yetirilən soydaşlarımızın adları yazılmış lövhələri, erməni faşistləri tərəfindən məhv edilən 8 ailənin üzvlərinin şəkillərini və adları qeyd olunmuş lövhələri aparırdılar.

Xüsusi amansızlıqla öldürülən 63 uşağın şəklini isə bu gün onların yaşıdları olan gənclər daşıyırdılar. Yürüş iştirakçıları “Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir!”, “Serj Sarkisyan - körpələrin qatili!”, “Serj Sarkisyan, Haaqa tribunalı səni gözləyir!”, “Məzarsız şəhidlərimizin məzar daşı bizlərik!”, “Xocalıya çağırış var, Xocalıya qayıdış var, Xocalıya dönüş var!” kimi çağırışlar və şüarlar səsləndirdilər. Xocalı abidəsinin önündə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva çıxışında erməni quldurları tərəfindən 27 il əvvəl Xocalıda törədilən soyqırım aktından danışdı. Bildirdi ki, Xocalıda törədilmiş amansız qətliam nəinki türk dünyasına, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş soyqırım idi. Sonra Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, Xocalı soyqırımında valideynləri, yaxın qohumları şəhid olmuş Samirə Hüseynova çıxışında bildirdi ki, həmin müdhiş gecə bütün Xocalı sakinləri kimi onun da xatirində acı izlər buraxıb. Erməni speratçıları "böyük Ermənistan" yaratmaq xülyası ilə işğalçılıq siyasəti yürütdülər, günahsız insanları qətlə yetirdilər. Erməni vandalları genosid əməlləri ilə yanaşı, Xocalı rayonunun mədəniyyət abidələrini də dağıtdılar.

Yevlax rayon Məhkəməsinin sədri, Xocalı rayon Məhkəməsinin sədr əvəzi Toğrul Əliyev çıxşında Xocalı camaatının mərdliklə düşmənə qarşı savaşdığını dedi. O, qeyd etdi ki, Xocalı dörd bir tərəfdən düşmən dəstələri və onların havadarları tərəfindən mühasirəyə alınmışdı. Erməni qəsbkarları həmin dövrdə Respublikada mövcud olan dərəbəylikdən, anarxiyadan istifadə edərək mənfur niyyətlərini həyata keçirməyə nail oldular. Ancaq indi Azərbaycan həmin Azərbaycan deyil. Azərbaycanın güclü Ordusu, müdrik Prezidenti var. Cənab Prezidentimizin ətrafında sıx birləşərək Qarabağımızı işğaldan azad etməyə nail olacayıq.

Xocalı rayon prokuroru Kamran Məmmədov Xocalı soyqırımının 27-ci ildönümünün günəşli günə təsadüf etməsinin bəlkə də problemin bu il həll olunacağına bir işarə olduğunu diqqətə çatdırdı. Kamran Məmmədov Xocalı soyqırımına hüquqi müstəvidə verilən qiymətlə əlaqədar danışaraq bildirdi ki, ilk illərdə dövlətimizin tam pərakəndə olan bir vaxtı idi, ona görə də nə daxili, nə də xarici səviyyədə bu faciəyə lazımi hüquqi qiymət verilməmişdi. Ancaq Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra lazımi səviyyədə tədbirlər görüldü. Hər il Xocalı soyqrımının qeyd olunması ilə bağlı müvafiq qərar qəbul edildi. O, çıxışının sonunda vurğuladı ki, bu qan yerdə qalmayacaq! Biz Xocalıda qətlə yetirilmiş günahsız həmvətənlilərimizin qisasını alacağıq.

Daha sonra 1 saylı klubun hazırladığı "Xocalı soyqırımı şəhid olmuş 63 uşağın dilindən" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

Sonda şəhidlərimizin ruhuna ehsan süfrəsi açıldı.