25.02.2019
Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsində Xocalı soyqırımının anım günü keçirildi.
Tədbiri giriş sözü ilə AYB Gəncə Bölməsinin sədri Xəzangül xanım açdı. O, söylədi ki, öz dəhşəti, müdhişliyi ilə bəşəriyyətə yönəlmiş bu faciə tarixin yaddaşında əbədi olaraq həkk olunub. Xocalı soyqırımı insanlığa, uşaqlara, qadınlara, qocalara qarşı rəhmsizcəsinə verilən ölüm hökmüdü. Bu elə zülm, elə ölümdü ki, bu vəhşiliyə hansısa adı verməyə çətinlik çəkirsən. Xocalı soyqırımına artıq dünya dövlətləri də dəstək verir. Xocalı faciəsinin bəşəri bir faciə olduğu qəbul edilir.
Şair İmamverdi Məmmədov qeyd etdi ki, Soyqırımı Azərbaycan xalqına qarşı edilən xəyanətin ən ifrat nöqtəsidir.
Şair Aləmzər Əlizadə bildirdi ki, Xocalı faciəsi zaman keçdikcə dərin bir yara kimi Azərbaycan xalqının qəlbində qövr edəcəkdi və heç zaman yaddan çıxmayacaqdır.
Fatimə İmamquliyeva və Minayə Abdullayeva Xocalıya həsr olunmuş şeirlərini oxudular.
Sonra şair və yazıçılardan Fərruxə Umarova, Sahib İbrahimli, Saleh Qurbanov, Bayram Göyçəli, Gülnar Hüseynova, Cahandar Aybər və başqaları Xocalı faciəsi haqqında ürək ağrısı ilə öz təsirli sözlərini bildirdilər.