Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı Soyqırımının 27-ci ili ötür

26.02.2019

Xocalı rayon mədəniyyət evində Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar olaraq Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavininin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələrinin, Azərbaycan Gənclər Fondunun nümayəndəsinin, "Xocalıya ədalət" kompaniyasının nümayəndəsinin və digər idarə, müəssisə rəhbərlərinin, işçilərinin iştirakı ilə tədbir keçirildi.

Tədbirdə şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.

İlk öncə Azərbaycan Gənclər Fondunun nümayəndəsi Ramil Məmmədov çıxış etdi. O çıxışında Xocalı genosidini ümumxalq faciəsi olmaqla yanaşı, həm də Xocalını igid şəhər adlandırdı. Buna səbəb kimi Xocalı əhalisinin köhnə tüfənglərlə, bir neçə avtomatla Rusiyaya məxsus olan 366-cı motoatıcı alaya qarşı son ana qədər döyüşməsini göstərdi.

Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aparatının şöbə rəisi mayor Fizuli İsmayılov çıxış etdi. O da Xocalı şəhərinin ağır taleyindən, köməksiz qalmasından, ermənilərin etdiyi işgəncələrdən danışdı və qeyd etdi ki, Azərbaycanın Mübariz İbrahimov, Fərid Əhmədov kimi qəhrəman oğulları sayəsində biz ermənilərdən öz qisasımızı almağa, torpaqlarımızı geri qaytarmağa qadirik.

Növbəti çıxış üçün söz "Xocalıya ədalət" kompaniyasının nümayəndəsi Cəbrayıl Fərzəliyevə verildi. Cəbrayıl Fərzəliyev ilk öncə Xocalının yerləşdiyi strateji, coğrafi mövqeyindən, orada hava limanının, dəmir yollarının yerləşməsindən danışdı.

Ondan sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın "Xocalıya ədalət" kompaniyası çərçivəsində gördüyü işlər haqqında geniş məlumat verdi. Sonra söz Xocalı faciəsinin canlı şahidi şair Allahyar Xocalıya verildi. O Xocalı faciəsinə həsr etdiyi şeirləri tədbir iştirakçılarına söylədi.

Daha sonra söz Xocalının müdafiəsində döyüşmüş, faciənin canlı şahidi Şükür Bəşirova verildi. Şükür müəllim o vaxtkı rəhbərliyinin səriştəsizliyindən, Xocalının köməksiz, əliyalın qalmasından danışdı, ermənilərin körpələrə, qadınlara, qocalara etdiyi zülmləri tədbir iştirakçılarına çatdırdı.

Sonda Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev çıxış etdi. O cənab prezident İlham Əliyevin xocalılara göstərdiyi diqqət, qayğıdan danışdı və Xocalı sakinləri adından prezidentimizə təşəkkürünü bildirdi.