20.02.2019
Gəncə şəhər MKS-nin 24 №-li kitabxana filialı 19 №-li orta məktəbdə 21 fevral – Beynəlxalq Ana dili günü münasibətilə “Ana dilimiz milli təsdiqimiz, qürurumuzdur” adlı dəyirmi masa keçirtdi.
Dəyirmi masanı kitabxana filialının müdiri Rahilə Qasımova açaraq tədbir iştirakçılarını salamladı və qeyd etdi ki, 1999-cu ildə YUNESKO tərəfindən 21 fevralın Beynəlxalq Ana Dili günü kimi qeyd edilməsi haqqında qərar verilmişdir.
Tədbirdə digər çıxış edənlər qeyd etdilər ki, bir xalqın torpağı qədər dili də onun varlığının, mövcudluğunun şərtidir. Azərbaycan dili də bizim tarixi keçmişimiz, bu günümüz, sabahımız, gələcəyimizdir. Dil xalqın tarixinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, adət-ənənələrinin ifadə vasitəsidir. Deməli, dil xalqın özüdür. Ona görə də torpaqlarımızı qoruduğunuz kimi dilimizi də qorumalı, qayğısını çəkməliyik. Tədbirdə məktəblilər Xalq şairləri B.Vahabzadənin, N.Xəzrinin “Ana dili” və T.Bayramın “Ana dilim” şeirlərini söylədilər.
Tədbirin sonunda iştirakçılar “Dilimiz qeyrətimizdir” adlı sərgi ilə tanış oldular.