Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə rəssamlarının “Xəzinə”si

20.02.2019

Fevralın 20-də Bakı şəhəri Muzey Mərkəzində “Xəzinə” adlı rəsm sərgisi açılıb.

Sərgi Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının Gəncə filialı və Gəncə Regional Mədəniyyət İdarəsi dəstəyi ilə reallaşıb.

Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək bildirdi ki, sərginin təşkilində məqsəd Azərbaycan bədii ənənələrinin, mədəni irsinin, gənc rəssamların bədii inkişafının dəstəklənməsi və formalaşması üçün yaradıcı mühitin yaradılması, eləcə də region rəssamlarının bədii yaradıcılığına geniş ictimai marağın cəlb olunmasından ibarətdir.

Belə sərgilər bölgələrdə yaşayan gənc istedadlı rəssamları daha geniş auditoriyaya tanıtmaq imkanı yaradır: “Gəncədə kifayət qədər potensialı, yaradıcılıq bacarığı olan rəssamlarımız var. Növbəti dəfə bu sərginin Gəncədə də keçirilməsi nəzərdə tutulub”.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov qeyd edib ki, belə sərgilərin keçirilməsi bölgələrimizi və orada yaşayan istedadlı sənət adamlarını tanımağa kömək edir.

Sərgidə Gəncədən olan tanınmış rəssamlar Nazim Babayev, Akif Hüseynov, Şaiq Məmmədov, gənc rəssamlar Elçin Cəfərov, Məhər Məhərrəmov, Təlatüm Məmmədov və digər rəssamların əsərləri nümayiş olunur. Gəncə Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan bir neçə əsər də ekspozisiyaya daxil edilmişdir.

Digər çıxış edənlər də sərgi ilə bağlı təəssüratlarını bölüşüb, gəncəli rəssamlara yeni yaradıcılıq axtarışları arzu etdilər.

Sonra rəssamlar Mədəniyyət Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının diplomları ilə təltif olundular.

Gənc rəssam Məhbarə Abbasovanın kuratoru olduğu sərgi fevralın 25-dək davam edəcəkdir.