31.01.2019
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Heydər Əliyev Fondu”nun, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin birgə layihəsi olan VII Televiziya Muğam müsabiqəsi üçün seçim turu keçirildi.
Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən Muğam müsabiqəsinin münsiflər heyətinə, xalq artistləri – Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının direktor müavini, Əməkdar İncəsənət xadimi, professor İlham Rəhimli daxil idi.
Müsabiqədə Gəncə şəhərinin uşaq musiqi, incəsənət məktəblərinin şagirdləri, Gəncə Musiqi Kollecinin tələbələri ilə yanaşı, Mingəçevir şəhərindən, Xocalı, Kəlbəcər, Göygöl, Ağdam, Şəmkir, Tovuz rayonlarından olan 30 nəfərdən çox muğam ifaçıları iştirak etdilər.
Hər bir ifaçını diqqətlə dinləyən, eləcə də onlara öz tövsiyələrini verən münsiflər heyətinin obyektiv seçimi nəticəsində, Gəncə şəhərindən, Ağdam, Xocalı, Göygöl, Şəmkir rayonlarından olan 7 nəfər muğam ifaçısı Bakı şəhərində keçiriləcək I tur üçün seçildilər.
VII Televiziya Muğam müsabiqəsinin Gəncədə keçirilən seçim turu bütün iştirakçılar tərəfindən rəğbətlə qarşılandı və ruh yüksəkliyi ilə yekunlaşdı