18.01.2019
Xocalı rayon mədəniyyət evində 20 Yanvar Ümumxalq hüzn günü ilə əlaqədar olaraq ümumrayon tədbiri keçirildi.
Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, digər idarə, müəssisə rəhbərləri və işçiləri iştirak edirdilər.
Tədbiri ilk öncə rayon İcra Hakimiyyətinin Başçısının müavini Lamiə Qarayeva açdı. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra 20 Yanvara həsr olunmuş sənədli film izləndi.
Məruzə üçün söz rayon prokuroru Kamran Məmmədova verildi. Kamran müəllim 20 yanvar hadisələri ilə bağlı açılmış cinayət işindən və istintaqın gedişatından danışdı. O bildirdi ki, o vaxtkı rəhbərlik istintaqın gedişatı ilə bağlı heç bir iş görməmişdir.
Sonra Xocalı rayon Mərkəzi xəstəxanasının baş həkimi Aqil Məmmədov çıxış etdi. O çıxışında 20 yanvar hadisəsi zamanı səhiyyə işçilərinin göstərdikləri fədakarlıqdan və yaralılara göstərdikləri tibbi xidmət zamanı sovet əsgərləri tərəfindən güllə-baran olunmasından danışdı.
Sonda çıxış üçün söz Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubova verildi. Şahmar müəllim 20 Yanvar faciəsinin ssenarisinin əvvəldən yazıldığını, bunun xalqımızın mübarizə əzmini sındırmaq üçün atılmış addım olduğunu qeyd etdi və bildirdi ki, 20 yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün Azərbaycanda ilk abidə məhz Xocalı şəhərində ucaldılmışdır. O, həmçinin 20 Yanvar faciəsinə ilk hüquqi qiymətin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini qeyd etdi.
Sonda Kosalar kənd mədəniyyət evinin hazırladığı “Şəhidlər unudulmur” adlı bədii kompozisiya tədbir iştirakçılarına nümayiş etdirildi.