Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycanın yüksəlişinə həsr olunan ömür”

11.12.2018

Gəncə şəhər Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Azərbaycanın yüksəlişinə həsr olunan ömür” adlı xatirə saatı keçirildi.

Tədbirdə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin kollektivi, Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim və tələbə heyəti iştirak edirdilər. Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu, Ulu Öndərin əziz xatirəsi yad edildi. Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova açaraq müstəqil Azərbaycan dövlətinin memarı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında məlumat verdi. O, Ulu öndərin azərbaycançılıq ideasından, ölkəmizin müstəqillik qazanmasında və çiçəklənməsi yolunda atdığı addımlardan danışaraq, onun əziz xatirəsinin Azərbaycan xalqının ürəyində əbədi yaşayacağını bildirdi. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov öz çıxışında Azərbaycan xalqının görkəmli şəxsiyyəti Heydər Əliyev irsinin olduqca zəngin, həyat və fəaliyyətində təbliğ olunmalı məqamların kifayət qədər olduğunu bildirdi. O, qeyd etdi ki, Ulu Öndər gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və həmişə gənclərimizə xüsusi diqqət və qayğı ilə yanaşıb. Ulu Öndərimizin yaratdığı müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi üçün gənclər də onun tövsiyələrinə sadiq qalaraq üzərlərinə düşən işi məsuliyyətlə yerinə yetirməlidirlər. Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi İsayev Şəhriyar çıxış edərək bildirib ki, bu gün müasir Azərbaycan demokratik, dünyəvi dövlət quruculuğu yolunu inamla addımlayır.

Tədbirin sonunda dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirildi.