21.11.2018
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq Şöbəsində Beynəlxalq Uşaq Hüquqları Konvensiyası günü münasibətilə “Uşaq Hüquqları Konvensiyası nə deməkdir?” başlığı altında sual-cavab gecəsi keçirildi.
Tədbiri giriş sözü ilə şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva açaraq tədbirin mahiyyəti və əhəmiyyəti haqqında məlumat verdi. Bildirdi ki, uşaqlar qayğısız, xoşbəxt gülüşləri ilə dünyanın dodağında təbəssüm olan uşaqlar hər zaman cəmiyyətin, ailənin xoşbəxtliyi və sevincidir. Uşaqların hüquqlarının pozulmaması üçün bütün dünyada müxtəlif tədbirlər keçirilir, qanunlar qəbul edilir. Dövlətimiz hər zaman öz qayğısını uşaqlardan əsirgəməmiş, körpələrin azad, firavan yaşaması üçün həmişə zəruri addımlar atılmışdır. Azərbaycan Respublikası Uşaq hüquqlarının müdafiəsi sahəsində bir sıra beynəlxalq təşkilatlarla, xüsusilə də BMT-nin Uşaq Fondu – UNİCEF-lə sıx əməkdaşlıq edir. “Uşaq Hüquqları Konvensiyasına” qoşulmuş 189 ölkədən biri olan Azərbaycan öz ərazisində yaşayan bütün uşaqların hüquqlarının qorunması üçün hər çür şərait yaradır.
Sonra uşaqlar “Zirvə” və “Zəka” adlı 2 komandaya bölündülər. Onlar mövzu ilə bağlı olan sualları cavablandıraraq öz biliklərini nümayiş etdirdilər. Sual-cavab gecəsində tərtib olunan “Uşaq hüquqları Konvensiyası neçənci ildə qəbul olunub?”, “Uşaq hüquqları Konvensiyasının neçə maddəsi var?”, “Uşaq Hüquqları Konvensiyasına neçə dövlət daxil deyil?” və s. suallara “Zirvə” komandası düzgün cavab verdi və qalib gəldi. Tədbirdə aktiv iştirak edən uşaqlar “Göy qurşağı” jurnalı ilə mükafatlandırıldı. Tədbirin sonunda iştirakçılara “Uşaq Hüquqları Konvensiyası”ndan bəhs edən video-çarx nümayiş olundu.