10.11.2018
F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycanın böyük saz və söz ustadı Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunmuş xatirə gecəsi təntənə ilə keçirildi.
Xatirə gecəsi Dədə Şəmşirin Göygöl şəhərindəki büstünün ziyarəti ilə başladı.
Filarmoniyanın foyesində Aşıq Şəmşirin həyat və yaradıcılığını əks etdirən foto və kitab sərgisi nümayiş etdirildi.
Sonra Dədə Şəmşirin Ulu öndər Heydər Əliyevə həsr etdiyi “Zərli tac kamallı başa yaraşır” şeirlərinin əsasında hazırlanmış filmə baxış oldu.
Tədbirin aparcısı Azərbaycan Aşıqlar Birliyinin sədri folklorşünas-alim Məhərrəm Qasımlı tədbiri açıq elan edərək Dədə Şəmşirin yaradıcılığı barədə məruzə etdi.
Filarmoniyanın səhnəsində öz yerlərini tutmuş, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı kəlbəcərli “Aşıqlar” ansamblı bir-birindən maraqlı ifalar təqdim etdilər.
Gəncə Dövlət Dram Teatrının aktyorları, Xalq artisti Pərvanə Qurbanovanın və Əməkdar artist Elxan Abbasovun ifasında Aşıq Şəmşirin şeirləri səsləndirildi.
Tədbirin sonunda Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı cənab Aqil Məmmədov səhnəyə gələrək Dədə Şəmşirin 125 illiyinə həsr olunmuş xatirə gecəsinin bütün təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirdi.
Azərbaycan aşıq ədəbiyyatının əbədiyaşar nümayəndəsi Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunan xatirə gecəsi böyük anşlaqla keçdi.