02.11.2018
Gəncə şəhəri Məhsəti Gəncəvi Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 13.09.2018-ci il tarixli müvafiq saylı əmrinə əsasən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin təşkilatçılığı ilə “Cümhuriyyət 100: Bərpa edilmiş mədəni sərvətlər” adlı regional sərgi-seminar keçirildi.
Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov giriş sözü ilə çıxış edərək Regional İdarənin rəisi Sənan Hacıyevin adından Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin əməkdaşlarını, bütün tədbir iştirakçılarını salamladı. O, təşkil olunan regional sərgi-seminarın əhəmiyyətindən danışdı.
Seminarda Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova, direktor müavini Nairə Sadıqova, Mərkəzin baş mühafizi İranə İbrahimova, Mərkəzin bərpaçı rəssamı Elşən Heybətov və Gəncə, Naftalan şəhərləri və Samux, Goranboy, Kəlbəcər, Xocalı rayonlarında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin və muzeylərin əməkdaşları iştirak etdilər.
Seminarda Elmi Bərpa Mərkəzinin fəaliyyətini əks etdirən “Cümhuriyyət 100: Bərpa edilmiş mədəni sərvətlər” videoçarxının təqdimatı oldu.
Elmi Bərpa Mərkəzinin əməkdaşları ilə muzey müəssisələrinin əməkdaşları arasında dialoq yaradıldı, müzakirələr aparıldı. Suallar cavablandırıldı, problemlərin həlli yollarından bəhs edildi.
Sonra iştirakçılara Mədəniyyət Nazirliyinin sifarişi ilə çap olunmuş, müəllifi Ziyadxan Əliyev olan, Azərbaycanda bərpaçılıq sənətinin tarixinə həsr olunmuş “Xilas olunmuş gözəllik” adlı kitab paylanıldı.