24.05.2026
Mayın 22-də Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbində Beynəlxalq Muğam Mərkəzinin direktoru, Respublikanın Əməkdar artisti, Özbəkistanın Mədəniyyət Səfiri, Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun fəxri professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sahib Paşazadənin iştirakı ilə ustad dərsi keçirilib.
Tədbirdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əməkdaşları, uşaq musiqi məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.
Əvvəlcə Sahib Paşazadə Azərbaycanın ilk musiqi təhsili ocaqlarından biri olan, 103 illik tarixə malik məktəblə tanış olub, məktəbin Xatirə kitabına ürək sözlərini yazıb.
Ustad dərsi zamanı Sahib Paşazadə Azərbaycan tar ifaçılığı ənənələri, tar sənətinin inkişaf mərhələləri, muğamların və bəstəkar əsərlərinin ifa xüsusiyyətləri barədə ətraflı məlumat verib. O, əyani şəkildə Azərbaycan muğamlarından nümunələr səsləndirərək alətin düzgün tutulma qaydaları və çalğı ştrixləri haqqında iştirakçılara məlumat təqdim edib.
Ustad dərsi formatında keçirilən görüşdə Sahib Paşazadə və məktəbin direktoru Oqtay Şərifov tərəfindən birgə ifalar səsləndirilib.
Sonda Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədovun adından Sahib Paşazadəyə “Təşəkkürnamə” təqdim olunub.