22.05.2026
Mayın 21-də Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Məhsəti Gəncəvi Mərkəzində Azərbaycan Respublikası "Xatirə Kitabı" redaksiyasının nəşri olan “44 gün - Tarixi zəfər” adlı çoxcildliyin II, III və IV cildlərinin təqdimat mərasimi keçirilib
.
Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra tədbir mərkəzin akt zalında davam etdirilib. Burada iştirakçılar 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq səhifələrini, şəhid və qazilərimizin şərəfli döyüş yolunu əks etdirən yeni nəşrlərlə və fotostendlərlə yaxından tanış olublar. Tədbirin bədii hissəsində vətənpərvərlik ruhunda musiqilər səsləndirilib, qəhrəmanlıq tariximizə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxış edənlər "Xatirə Kitabı"nın Azərbaycanın hərb tarixinin, şəhidlərimizin və qazilərimizin adlarının əbədiləşdirilməsindəki müstəsna rolundan bəhs ediblər. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Tarixi Zəfərin gələcək nəsillərə düzgün ötürülməsi, milli-mənəvi dəyərlərin və hərbi-vətənpərvərlik ruhunun qorunması istiqamətində bu cür fundamental nəşrlərin əhəmiyyəti olduqca böyükdür.
Tədbir rəsmi qonaqlar, ziyalılar və ictimaiyyət nümayəndələri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.