23.04.2026
Aprelin 23-də Gəncə Dövlət Filarmoniyasında 23 Aprel Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş tədbir keçirilib. Tədbir Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Konsulluğunun və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki konsulu Recep Öztop, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, Gəncə Dövlət Filarmoniyasının direktoru Aygün Səmədzadə, Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri və uşaqlar iştirak ediblər.
Tədbir çərçivəsində əvvəlcə Gəncə şəhər uşaq rəssamlıq və incəsənət məktəblərinin sərgisinə baxış olub.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Rəsmi hissədə çıxış edənlər 23 Nisan Çocuk Bayramının əhəmiyyətindən bəhs edərək Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərini vurğulayıblar.
Konsert proqramı müxtəlif musiqi və rəqs kollektivlərinin çıxışları ilə davam edib. Uşaq musiqi məktəblərinin ansamblları, xor və vokal qrupları, həmçinin rəqs kollektivi maraqlı nömrələrlə çıxış edərək tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Tədbir uşaqlara göstərilən diqqət və qayğının təzahürü olmaqla yanaşı, milli-mənəvi dəyərlərin təbliğinə və Azərbaycan-Türkiyə dostluq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verib.