16.04.2026
Aprelin 15-də Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən Regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsi, müasir liderlik və gənclərin dövlətçilikdə rolu” mövzusunda panel tədbir təşkil olunub.
Tədbir “Əbədiyaşar lider Heydər Əliyev xatirələrdə” layihəsi çərçivəsində həyata keçirilib və Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin təbliğini hədəfləyib. Paneldə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əməkdaşları, GİKM-in regional nümayəndəliyinin əməkdaş və könüllüləri, eləcə də Gəncə Dövlət Universiteti, Azərbaycan Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetinin tələbələri iştirak ediblər.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin və liderlik prinsiplərinin bu gün də aktuallığını qoruduğunu vurğulayıblar. Qeyd olunub ki, müasir liderlik anlayışı yalnız idarəetmə ilə deyil, məsuliyyət, uzaqgörənlik, xalqa bağlılıq və milli dəyərlərə sədaqətlə səciyyələnir. Bildirilib ki, Ümummilli Lider tərəfindən əsası qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasət nəticəsində ölkədə güclü, vətənpərvər gənclər formalaşır.
Panel tədbir fikir mübadiləsi ilə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.