12.03.2026
Azərbaycan Kinematoqrafçılar İttifaqının bölgələrdə həyata keçirdiyi “Kino günləri” layihəsi çərçivəsində 11–13 mart tarixlərində Gəncə şəhərində film nümayişləri keçirilib.
Layihə çərçivəsində tamaşaçılar filmləri Heydər Əliyev Mərkəzində və Məhsəti Gəncəvi Mərkəzində izləyiblər.
“Kino günləri” proqramı çərçivəsində Zaur Qasımlının “Tağıyev: Neft”, Mirsadıq Ağazadənin “Eviniz abad” tammetrajlı bədii filmləri, həmçinin Pərviz Həsənovun “Başlıbel – mühasirə gündəliyi” tammetrajlı sənədli filmi nümayiş olunub.
Bununla yanaşı Tahir Tahirovicin “O Xarqo idi”, Fariz Əhmədovun “Sonuncu” qısametrajlı sənədli filmləri, eləcə də Elvin Adıgözəlin “Rəna xanımın film çəkilişi”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu”, Qulu Əsgərovun “Hasar”, Orxan Ağazadənin “Oturacaqlar” və Teymur Qəmbərovun “Quxuroba” qısametrajlı bədii filmləri də tamaşaçılara təqdim olunub.
Layihənin məqsədi son illərdə çəkilmiş Azərbaycan filmlərini bölgə tamaşaçılarına çatdırmaq və milli kinematoqrafiyanın təbliğinə töhfə verməkdir.