11.09.2024
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Gəncə və gəncəlilər" layihəsi çərçivəsində Xalq artisti, professor Mobil Əhmədovun anadan olmasının 93-cü ildönümünə həsr olunmuş konsert proqramı keçirilib.
Gecədə Mobil Əhmədovun tələbəsi, Əməkdar artist Ramil Qasımov, Gəncə Dövlət Filarmoniyasının solistləri Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, solistlər Rüstəm Cəfərov, Elmir Pişnamazzadə, Məhərrəm Qasımov, Vasif Bayramov, Bakıdan dəvət olunmuş Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistləri Əməkdar artist Almaz Ələsgərova, solist Şaban Cəfərov, həmçinin Xalq artisti Heydər Anatollu, Səttar Nəsirov sənətkarın repertuarından Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Əsgərin mahnısı, Tofiq Quliyevin "Sevgilim", "Badamlı", Rauf Hacıyevin "Ay qız", Oqtay Kazıminin "Ey xəyal" mahnılarını səsləndiriblər.
Gecənin sonunda sənətkarın qızı Nigar Əhmədova atası ilə bağlı xatirələrini bölüşərək, tədbirin təşkili üçün yaradıcı heyətə təşəkkürünü bildirib.