Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sülh dünyanın xoşbəxtlik və firavanlıq rəmzidir

21.09.2018

21.09.2018-ci il tarixdə Gəncə şəhər MKS-nin oxu zalında Beynəlxalq sülh günü münasibətilə “ Sülh dünyanın xoşbəxtlik və firavanlıq rəmzidir ” adlı şeir gecəsi keçirildi. Tədbirdə, 5 saylı tam orta məktəbin müəllim və şagird kollektivi,GDU və ADAU-nun tələbələri iştirak etdilər. MKS – nin direktor müavini tədbir iştirakçılarını salamlayaraq tədbirin keçirilməsinin əhəmiyyətindən söz açdı. Beynəlxalq sülh günü haqqında ətraflı məlumat verdi. O, insan hüquqlarından ən önəmlisinin yaşamaq hüququ olduğunu, bu hüququn isə yalnız sülh, sabitlik və dinc yanaşı yaşamaq şəraitində təmin olunmasının mümkünlüyünü vurğuladı. Tədbirin aparıcısı, oxu zalının müdiri Əfsanə Bağrova bildirdi ki, “Beynəlxalq Sülh günü” atəş və zorakılıqdan qlobal imtina kimi dünyada qeyd olunan BMT-nin yeganə bayramıdır. Bizim xalqımız tarixən sülhsevər xalq olub və bu mövzu folklorumuzdan başlayaraq çağdaş dövrümüzə qədər ədəbiyyatımızda da öz əksini tapıb. Tədbirdə çıxış edən 5 sayli orta məktəbin muəllimi Gülsad Məmmədova öz çıxışında sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusunun tarix boyu bəşəriyyəti düşündürdüyünü qeyd etdi. Sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsi Azərbaycanın vətəndaşlarının da həmişə sülh şəraitində yaşamaq arzusunda olduqlarını diqqətə çatdırdı. Tədbirdə 5 saylı tam orta məktəbin şagirdləri sülhə həsr olunmuş şeirlər söylədilər. MKS-nin direktoru Elmira xanım Əliyeva çıxış edərək belə tədbirlərin keçirilməsinin gələcəyimiz olan uşaqların və gənclərin mərhəmətli şəkildə, vətənpərvər və sülhsevər insanlar olaraq böyüməsində, yetişməsində böyük rol oynadığını vurğuladı. Tədbirin sonunda məktəblilərin sülh mövzusunda çəkdikləri əl işlərindən ibarət sərgiyə baxış keçirildi.