14.03.2024
12.03.2024-cü il tarixində Gəncə şəhər Heydər Əliyev Mərkəzində "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin könüllülərinin “Mədəniyyətə könül ver!” devizi ilə görüşü keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə güllər düzüb, dərin ehtiramlarını bildiriblər. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin və Tibb Kollecinin tələbələri iştirak ediblər. 200 nəfərə yaxın gənc mədəniyyət könüllüsü olub. Tədbirdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Mədəniyyət müəssisələri ilə iş sektorunun müdiri Nurəddin Babazadə, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Respublikası əməkdar artisti Ramil Qasımov, KOBİA-nın Gəncə-Qazax Regional Koordinatorluğunun koordinatoru Anar Əliyev və "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli çıxış ediblər. Çıxışlarda mədəniyyət sahəsində könüllülüyün əhəmiyyətindən bəhs edilib, gənclərimizin bu prosesdə aktiv iştirakının təqdirəlayiq olduğu bildirilib. Tədbirin sonunda mədəniyyət könüllülərinin fəxri üzvü İlkin Dövlətov “Bura Vətəndir” mahnısını ifa edib.
Görüşdən sonra dahi şair, mütəfəkkir Nizami Gəncəvinin Məqbərəsi və Muzeyi ziyarət edilib. Muzeydə nümayiş olunan ekponatlar haqqında ətraflı məlumat verilib.
Daha sonra isə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında gəncəli mədəniyyət könüllüləri tərəfindən hazırlanmış “Novruz şənliyi” tamaşası təqdim edilib. Tamaşa izləyicilər tərəfindən rəğbətlə qarşılanıb. Sonda Gəncəli Mədəniyyət Könüllüləri “Mədəniyyətə könül ver!” şüarını səsləndiriblər.