Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər Heydər Əliyev Mərkəzində ”Korrupsiyaya qarşı mübarizənin hüquqi aspektləri” mövzusunda tədbir keçirilib

16.02.2024

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialı və Ombudsmanın Qərb Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin korrupsiya risklərinin qiymətləndirilməsi və onların qarşısının alınması ilə bağlı 2024-cü il üçün tədbirlər planının icrası məqsədilə “Korrupsiyaya qarşı mübarizənin hüquqi aspektləri” mövzusunda tədbir keçirilib. 
Tədbirdə Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri, Gəncə Tarix-Diyarşünaslıq Muzeyinin, Mir Cəlal Paşayevin ev-muzeyinin, Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3, 4 və 8 nömrəli kitabxana filiallarının əməkdaşları iştirak ediblər. 
Tədbirdə Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edərək bildirib ki,  ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamlı olmasını təmin etmək, rüşvətxorluğa şərait yaradan halların qarşısının alınması məqsədi ilə islahatlar aparılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 aprel 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. Bu sənədin təsdiqlənməsi Azərbaycanın özünün inkişafının indiki mərhələsində korrupsiyaya qarşı mübarizəyə yeni baxışını və niyyətini ifadə edir. Fəaliyyət Planının bu istiqamətdə əsas hədəfləri dövlət strukturunda idarəetmə mexanizmlərinin inkişafı, özəl sektorda beynəlxalq standartlar çərçivəsində anti-korrupsiya mühitinin formalaşdırılması, qanunvericilik bazasının mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsinin təmin edilməsidir. Həmçinin, Milli Fəaliyyət Planı ayrı-ayrı fəaliyyət istiqamətli qurumları korrupsiyaya qarşı mübarizə üsullarını birləşdirməyə xidmət edir. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin istənilən effekti verməsi, yaxud əldə olunan nəticələrin davamlılığı ictimaiyyətin dəstəyi olmadan mümkün deyil. Çünki neqativ halların baş verməsində cəmiyyətin də üzərinə müəyyən məsuliyyət düşür və bu səbəbdən də vətəndaşlar sözügedən məsələdə öz qəti mövqeyini ortaya qoymalı, hüquq və vəzifələrini bilməli, neqativ hallarla mübarizədə ictimai nəzarət funksiyasını yerinə yetirməlidirlər. 
Tədbir diskusiya formasında davam edib, iştirakçıların sualları cavablandırılıb.