30.12.2023
Gəncə şəhərində 28-29 dekabr tarixlərində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Gəncə-Daşkəsən Regional Məşğulluq filialı, Gəncə Regional Turizm İdarəsi, Gəncə Dövlət Filarmoniyası və Gəncə İctimai İştirakçılıq Məclisinin dəstəyi ilə “Gəncəsənət – Qış nağılı” İncəsənət, Sənətkarlıq və Yaradıcılıq sərgi-yarmarkası keçirilib. “Gəncə Qalası” ticarət mərkəzində təşkil olunmuş yarmarkada sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunub.
Sərgidə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə - Daşkəsən RMİ-nin rəis vəzifəsini icra edən Pərvin Kazımov, KOBİA-nın Gəncə - Qazax Regional Koordinatorluğunun koordinatoru Anar Əliyev, Gəncə - Daşkəsən Regional Məşğulluq Filialının müdiri Elməddin Qurbanov, Gəncə Regional Turizm İdarəsinin rəisi Zaur Bayramov, Cavad Xan Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov, şəhər ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhər ictimaiyyəti tərəfindən böyük coşqu və marağa səbəb olan sərgi Gəncə Dövlət Filarmoniyasının solistlərinin rəngarəng ifaları ilə davam etdirilmişdir.
Qeyd edək ki, sərgi-yarmarkasının keçirilməsində məqsəd sənətkarlıq məhsullarının satışına və bu sahədə alıcıq qabiliyyətinin artırılmasına dəstək olmaq, regionun sənətkarlıq nümunələrinin tanıdılması, qədim sənət ənənələrinin dirçəldilməsi və şəhərin mədəni həyatının canlandırılması, eləcə də yaradıcılıqla məşğul olan sənətkarlar ilə insanlar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyətinə təşviq edilməsi olmuşdur.