Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi” mövzusunda panel tədbir keçirilib

13.12.2023

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi Gəncə şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar “Gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi” mövzusunda panel tədbir keçirilib. Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilən panel tədbirdə Azərbaycan Texnologiya Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Dövlət Universitetinin və Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri iştirak ediblər. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. 
Panel tədbiri giriş sözü ilə açan Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor vəzifəsini icra edən İlknur İsgəndərova strategiyanın məqsəd və vəzifələrindən bəhs edərək bildirib ki, 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır. Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəis vəzifəsini icra edən Pərvin Kazımov “Yaradıcı və istedadlı gənclər”, KOBİA-nın Gəncə-Qazax Regional Koordinatorluğunun koordinatoru Anar Əliyev “Biznesə başlamaq istəyənlərə, startaplara, sahibkarlara keçirilən təlimlər, məsləhət və mentorluq xidmətləri”, Gəncə Regional Turizm İdarəsinin rəisi Zaur Bayramov “Turizmin inkişafında region gənclərinin rolunun artırılması” və Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının şöbə müdiri Pərviz Əliyev “Gənclərin məşğulluğunun təmin edilməsi” mövzularında çıxışlar ediblər. Ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dəstək tədbirləri, gənclər arasında sahibkarlığın təşviqi, bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyəti, sahibkarlığa marağı olan gənclərin bilik və bacarıqlarının artırılması, gənclərin müasir əmək bazarının çağırışlarına adaptasiyası, onların potensialının üzə çıxarılması və təşəbbüslərinin dəstəklənməsi istiqamətində atılan addımlar barədə məlumat verilib. Panel tədbir müzakirə formasında davam edib. Gənclərin fikirləri dinlənilib, sualları cavablandırılıb və onlara lazımi tövsiyələr verilib.