Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncədə gürcü şairi Nikoloz Barataşvilinin xatirə lövhəsinin açılış mərasimi keçirilib

05.12.2023

Gəncə Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət nazirliyinin və Gürcüstanın Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə Cavad xan dəftərxna muzeyinin önündə görkəmli gürcü yazıçısı Nikoloz Barataşvilini xatirə lövhəsinin açılış mərasimi baş tutub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Mədəniyyət nazirinin müavini Murad Hüseynov, millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Arzu Nağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gürcüstan Yazıçılar Evinin direktoru, deputat Ketevan Dumbadze, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, o cümlədən idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.

Niyazi Bayramov qonaqları salamlayaraq bildirib ki, görkəmli gürcü yazıçısı Nikoloz Barataşvili Gəncə şəhərində yaşayıb yaradıb. Nikoloz Barataşvilinin 205 illik yubileyi münasibətilə vaxtilə onun çalışdığı Cavadxan dəfətərxana muzeyinin binasının fasadına xatirə lövhəsi vurulub. Şəhər rəhbəri qeyd edib ki, xatirə lövhəsinin vurulmasında məqsəd şairin adının əbədiləşdirilməsidir.

Zurab Pataradze bu nəcib addıma görə əməyi keçən hər kəsə öz dərin təşəkkürünü bildirib. O qeyd edib ki, dahi şair Nikoloz Barataşvilinin Gəncə şəhərində xatirə lövhəsinin olması çox gözəl təşəbbüsdür. Bu isə öz növbəsində Azərbaycan və Gürcüstan əlaqələrinin tarixi köklərə malik olduğunu göstərir.

Çıxış edən qonaqlar gürcü şairi Nikoloz Barataşvilinin qısa, lakin şərəfli ömür yolundan bəhs ediblər. Qeyd olunub ki, çətin taleli, cəmi 28 il ömür yaşamış romantik şair və tərcüməçi ömrünün bir hissəsini xidməti ilə əlaqədar olaraq Azərbaycanda - Naxçıvan və Gəncədə keçirib. O, Gəncədə malyariya xəstəliyindən vəfat edib və burada torpağa tapşırılıb. Uzun illərdən sonra gürcü ziyalıları onun nəşini şairin doğulduğu Tiflisə köçürərək, yenidən dəfn ediblər.

Çıxışlardan sonra Niyazi Bayramov və Zurab Pataradze tərəfindən xatirə lövhəsinin üzərindəki ağ örpək götürülüb, önünə tər güllər düzülüb.

Tədbirin rəsmi hissəsindən sonra “Xəmsə” Uşaq Rəqs Ansamblının solisti Məryəm Əlizadənin, Gəncə şəhər 1 nömrəli Musiqi məktəbinin müəllimi Amin Bayramovun və Qax rayonunda fəaliyyət göstərən “Şvitkatso” Gürcü Xalq Xorunun, o cümlədən “İmedi” rəqs kollektivinin çıxışları izlənilib.

Sonda iştirakçılara Nikoloz Barataşvilinin kitabları hədiyyə olunub və təşəkkürnamələr təqdim edilib.