Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncədə xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə tədbir keçirilib

02.12.2017

Tədbir 3 dekabr "Beynəlxalq Əlillər Günü"nə həsr edilib. Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və "BP Cənubi Qafqaz Boru" kəmərinin maliyyə dəstəyi ilə Azərbaycana Birgə Yardım Təşkilatının Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzindən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə hazırlanan tədbir Gəncə Dövlət Kukla Teatrında keçirilib.

Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin koordinatoru Rəzalə Abbasova 2003-ci ildən yaradılan mərkəzdən 12.000-dən artıq uşağın yararlandığını bildirib. Həftə ərzində 80-dən çox uşağın fərdi və qrup məşğələlərinə gəldiklərini qeyd edən Rəzalə Abbasova, uşaqların teatr səhnələrində də iştirak edərək özlərinin cəmiyyətin bir hissəsi olduqlarını sübut etdiklərini vurğulayıb.  Rəzalə Abbasova mərkəzdə reabilitasiya keçən uşaqların bir çoxunun artıq normal həyata inteqrasiya edildiyini də diqqətə çatdırıb.

Tədbirdə iştirak edən Gəncə şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Kənan Məmmədov təşkilatçılara təşəkkürünü bildirərək, Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzindən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb.

Tədbirdə mərkəzdə fəaliyyət göstərən, “Xalq yaradıcılığı” , “Bacarıqlı əllər” dərnəklərinin və Gəncə İƏRM-nın üzvü olan uşaqlar mahnılar oxuyub, musiqilər səsləndirib, rəsm sərgisi nümayiş etdiriblər. Həmçinin müxtəlif uşaq tamaşalarından parçalar göstərib, xalq rəqsi, idman hərəkətləri və şeirlərlə çıxış ediblər.

Sonda xatirə fotosu çəkilib və uşaqlara hədiyyələr təqdim edilib.