Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ana dili hər bir xalqın milli kimliyidir” mövzusunda ədəbi-bədii gecə keçirilib.

04.08.2023

Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi, Gəncə şəhər 4№- li Uşaq Musiqi Məktəbi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№ - li kitabxana filialı 1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə əlaqədar “Ana dili hər bir xalqın milli kimliyidir” mövzusunda ədəbi-bədii gecə keçirib.

Tədbirdə Gəncə şəhər 4№- li Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri, Mir Cəlal Paşayev ev muzeyinin əməkdaşları, Gəncə Maarif Evinin kollektivi və könüllüləri iştirak ediblər.

Tədbirin aparıcısı qeyd edib ki, dil millətin simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.

Tədbirdə çıxış edənlər bildiriblər ki, respublikada dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atmış və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalamışdır. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da Fərman imzalamış və bu rəsmi sənədlə avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilmişdir.

Tədbirdə Gəncə şəhər 4№ - li Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri Süleyman Ələsgərovun “Vətənimdir”, Azərbaycan xalq mahnısı “Ay Laçın”, Arif Məlikovun “Məhəbbət Əfsanəsi”, Vasif Adıgözəlovun “Prelüd” və Polad Bülbüloğlunun “Şən Azərbaycan” musiqi nömrələri ilə çıxışlar ediblər.

 

144.3 KB