24.07.2023
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərbdavam etdirilir.
Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzinin Zeyvə Kənd Folklor Evində Səfikürd Kənd Sənətkarlıq Evi, Məşədiqaralar, Kələk, Şıxlar, Qırıxlı, Həmənli və Qarasuçu kənd Klublarının birgə təşkilatçılığı ilə Milli Mətbuat Günü münasibətilə iyulun 21-də "Mətbuatımız gələcəyimizin parlaq səhifəsidir" adlı tədbir keçirilmişdir.
Keçirilən tədbirdə Mədəniyyət işçiləri, Zeyvə Kənd İcra Nümayəndəliyinin əməkdaşı, Birinci Qarabağ və Vətən müharibəsinin Şəhid ailələri və bir qrup kənd sakinləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik məqamına ucalmış igid oğullarımızın və Şəhid Jurnalistlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Zeyvə kənd Folklor Evinin direktoru Aygül Rəsulova əsası 148 il əvvəl - 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan bəhs edib.
Həsən bəy Zərdabinin banisi olduğu “Əkinçi”nin qısa müddətdə maarifçi və demokratik ideyaları təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafında böyük rol oynadığını vurğulayan A. Rəsulova müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatının daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynadığını qeyd edib.
Çıxış edən Mədəniyyət işçisi, ictimaiyyətçi və media əməkdaşı Elçin Tağıyev bildirib ki, milli mətbuatımızın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır, Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində yeni mərhələ açıb.
1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsasının qoyulduğunu qeyd edən E. Tağıyev bu gün ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafının prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik qayğısı sayəsində ölkəmizdə azad və peşəkar jurnalistikanın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən söz açan Mədəniyyət işçilərindən Telli Behbudova, Rəsmiyyə Paşayeva və Şəfayət Əhmədova və Şəhid Anası Mətanət Həsənova milli mətbuatın inkişafında əməyi olanları təbrik edib, şərəfli və məsuliyyətli fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Sonda tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin 100 illik yubleyi və Milli Mətbuatımıza həsr edilmiş videoçarxı izləyib.