15.06.2023
14.06.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialı 15 iyun Milli Qurtuluş günü münasibətilə “Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı mövzu gecəsi keçirdi.
Tədbiri filialın kitabxanaçısı Nailə Məmmədova açaraq bildirdi ki, 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış hadisədir. Həmin gün Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub.
Sonra isə Nizami Gəncəvi adına Tarix Diyarşünaslıq muzeyinin direktoru Pərvin Nəzərəliyeva , çıxış edərək bildirdi ki, iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
Daha sonra Nizami Gəncəvi adına Tarix Diyarşünaslıq müzeyinin elmi işçisi Zəminə Abdullayeva çıxış edərək bildirdi ki, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Tacir Qurbanov, Nizami Gəncəvi adına Tarix Diyarşünaslıq muzeyinin əməkdaşları, Gəncə Dövlət Rəsm Qalereyasının işciləri və kitabxananın fəal oxucuları iştirak etdi.