14.06.2023
14.06.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində 15 İyun Milli Qurtuluş Günü ilə bağlı "Xalqın Xilaskarı" adlı dəyirmi masa təşkil olunub. Tədbirdə ilk öncə qurtuluş gününə gedən tarixi yol ilə bağlı hazırlanmış videoçarx iştirakçılara təqdim
olunub. Mədəniyyət Mərkəzinin rejissoru Orucov Ramin iştirakçıları salamlayıb geniş məruzə ilə çıxış edib: İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyev olmuşdur. Bütün Azərbaycan vətəndaşları əmin idi ki, xalqımızı düşdüyü mürəkkəb vəziyyətdən yalnız ulu öndər Heydər Əliyev çıxara bilər. Ümummilli Lider yaranmış çətin anda dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi ictimai-siyasi böhrandan və vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Həmin gün sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu və böyük qurtuluşa doğru mühüm addım atıldı. Bununla da Azərbaycanın müasir tarixində ən uğurlu mərhələ başladı. Azərbaycanın yeni tarixində dönüş başladı və bu tarix sözün həqiqi mənasında xalqımızın qurtuluşunun başlanğıcı oldu. Bu qayıdışla milli dövlətçiliyimiz məhv olmaqdan qurtuldu.Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında dəfələrlə xarici və daxili düşmənlərimiz tərəfindən dövlət çevrilişlərinə cəhdlər olunsa da, Heydər Əliyev bu cəhdlərin qan tökülmədən, müdrik və uzaqgörən, real, təmkinli və inamlı siyasəti ilə qarşısını aldı, vəziyyəti xalqın xeyrinə dəyişdi. Ulu Öndərin siyasi və diplomatik ustalığı həqiqətən də dövlət quruculuğu tarixinin ən parlaq səhifələrindən oldu. Azərbaycanı inkişaf edən, tənəzzüldən tərəqqiyə, vətəndaş müharibəsi astanasında olan ölkədən güclü vətəndaş həmrəyliyinin formalaşdığı diyara çevirdi. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı kimi Azərbaycanın müstəqillik tarixini yazan ümummilli liderimiz qısa zamanda demokratik əsaslara malik dövlət qurmaqla, misilsiz xidmətləri ilə, köklü demokratik hüquqi dövlət quruculuğu ilə tariximizin parlaq səhifələrini yazdı. Sonrakı çıxışda Mədəniyyət Mərkəzin baş metodisti Hüseynova Göyçək bildirib ki, bu gün Ümummilli lider Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğal altındakı
torpaqlarımızı azad edərək, xalqımızın 30 illik doğma yurd–yuva həsrətinə son qoydu. Bu gün həmin ərazilərdə bərpa–quruculuq işləri sürətlə davam edir, yeni infrastruktur yaradılır. Ölkədə bütün sahələrdə davamlı inkişaf təmin olunub.İllər ötəcək, nəsillər dəyişəcək, amma müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli lider Heydər Əliyev və onun tarixi xidmətləri xalqımızın yaddaşında əbədi qalacaq.Dahi Öndər Heydər Əliyevin adı və əməlləri Azərbaycanın özü qədər əbədidir. Dövlətçiliyimizin bərqərar edilməsində və nailiyyətlərimizdə müstəsna xidmətlərin ilkin səhifəsi olan 15 iyun - Milli Qurtuluş Günü də Azərbaycan tarixinə qızıl hərflərlə həkk edilib və şərəfli gün kimi xalqımız tərəfindən daim ən yüksək səviyyədə qeyd olunacaq.