07.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzi Kitabxananın Xidmət şöbəsində 44 günlük Vətən Müharibəsi qəhrəmanları Eltay Əli oğlu Quliyev və Taleh Məhərrəm oğlunun ailəsi ilə “Tarix yazaraq-tarixə yazılanlar” adlı görüş təşkil etdi.
Tədbirdə öncə şəhidlərimizin ruhunu 1dəqiqəlik sükutla yad edildi.
Şəhid Eltay Quliyev və Taleh Abdullayevə həsr olunmuş videoçarx nümayiş olundu. Hər bir şəhid haqqında ayrı-ayrılıqda ətrafli məlumat verildikdən sonra şəhid Eltay Quliyevin atası, I Qarabağ müharibəsi veteranı Əli Quliyev, Əli bəyicəbhə yoldaşlarından – Goranboy Rayon Müharibə Veteranları İctimai Birliyinin sədri Elmar Məmmədov, komandir Əşrəf Fazili, veteran Qüdrət Məmmədov, I və II Qarabağ döyüşçüsü, veteran Adil Əhmədov, şəhidin qardaşı hərbiçi-veteran Əşrəf Quliyev, anası Şölə xanım, sinif rəhbəri Xuraman Tarverdiyeva şəhid Eltay Quliyevin məktəb illərindən, vətənə olan sevgisindən, vətənpərvər ruhlu bir övlad olmasından, atası Əli müəllimin, eləçədə şəhid Eltayın döyüş məharətlərindən ağızdolusu danışaraq, valideynlərə belə bir vətənpərvər övlad yetişdirdiklərinə görə öz minnətdarlıqlarını bildirdilər.
44 Günlük Vətən Müharibəsi şəhidi Taleh Abdullayevin anası İradə xanım, bibisi Xədicə xanım, bacısı oğlu Rzaqulu da şəhidə xas müsbət keyfiyyətlərdən, müharibə başlanan zaman könüllü olaraq cəbhəyə yol almasından, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan söz açdılar. Şəhidin təhsil aldığı Gəncə şəhər 25saylı məktəbin şagirdləri və Gəncə Uşaq,gənclər İctimai Birliyinin şagirdlərinin ifasında şeirlər səsləndi. Həmin məktəbin təşkilat işləri üzrə direktor müavini Sevinc Məmmədova şəhid Taleh Abdullayevin məktəbə qədəm qoyduğu ilk illərdən, onun şəhadət xəbərindən məktəb kollektivinin keçirdiyi böyük sarsıntıdan danışdı. Hər iki şəhidin övladları atalarına həsr olunmuş şeirlərlə çıxış etdilər. Şəhid Eltay Quliyevin övladının atasına həsr etdiyi, bəstəkarının da məhz babası, şəhidin atası Əli Quliyevin olduğu nəğmə tədbirdə səsləndirildi.
Aşıq Loğmanın “Vətən”, “Ana” mövzusunda səsləndirdiyi musiqilər şəhidlərin ruhuna ithaf olunaraq hər kəsin ürəyindən keçən yalnız bir sözü ifadə edirdi: “Başın sağ olsun Vətən!” Və bu qədər itkilərimiz, ağrılarımız olmasına ramən qürurla deyə biləcəyimiz bir şüarımız var - Şəhid Qanı ilə yazılan bir söz: “Qarabağ Azərbaycandır!”
MKS-nin direktor vəzifəsini icra edən Gülünaz İsgəndərova sonda bütün iştirakçılara öz dərin minnətdarlığını bildirərək şəhid ailələrinə səbr dilədi.
Sonda tədbirdə iştirak edən şəhid uşaqlarına Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən kitab hədiyyə olundu.