02.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialı “Heydər Əliyev ili” çərçivəsində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Biz Heydər babanın nəvələriyik” mövzusunda ədəbi-bədii gecə keçirib. Tədbirdə Gəncə şəhər Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirin aparıcısı filial müdiri Mirvari Cəfərova uşaqları salamlayaraq onları "1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə təbrik edib, bu bayramın yaranma tarixindən, dünyada və ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan danışıb.
Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova, Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva, filialın böyük kitabxanaçısı Günel Əliyeva, məktəbin ibtidai sinif müəllimi Könül Rəşidova öz çıxışlarında qeyd ediblər ki, bu gün dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulub.
Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Çıxışçılar sonda bildiriblər ki, uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.
Tədbir boyu şagirdlər uşaqlara həsr olunmuş mahnılar ifa ediblər.