30.05.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzinin Dəyirmanlar kənd Mədəniyyət Evi və Dəyirmanlar Kənd İcra Nümayəndəliyinin birgə təşkilatçılığı ilə 28 May Müstəqillik Günü ilə əlaqədar olaraq “Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa keçirilmişdir. İlk olaraq Ulu Öndər Heydər Əliyevin,Cümhuriyyət qrucularının və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Keçirilən tədbirdə Mədəniyyət işçiləri,Nümayəndəliyin əməkdaşları və bir qrup ziyalılar iştrak etmişdir.
Goranboy Rayon İcra Hakimiyyəti başçısının Dəyirmanlar kənd İƏDÜ-ə nümayəndəsi Daşqın Həsənov çıxış edərək bildirdi ki, 28 May Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir.
105 il bundan əvvəl 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən Cümhuriyyət o cümlədən milli ordu, milli pul,
demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.
Dəyirmanlar kənd Mədəniyyət Evinin direktoru Sürəya Quliyeva çıxışında bildirdi ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və istiqlaliyyəti uğrunda daim mübarizə aparıb, Azərbaycan tarixinin əhəmiyyətli və
yadda qalan dövrlərindən olan XX əsrin əvvəllərində, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda istiqlaliyyətini elan edib. Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirib. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb və müvəqqəti olaraq devrilib.
Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil edib. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilməyib və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan edib.