28.05.2023
26.05.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialında 28 May Respublika gününə həsr olunmuş “İstiqlal, o vətənin köksündən yüksələn ay” başlıqlı ədəbi-bədii gecə keçirildi.
Tədbiri giriş sözü ilə 11 saylı filialın müdiri Esmira Həsənova açdı. İlk öncə Azərbaycanın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Süleyman Əliyev, Əməkdar Mədəniyyət işçisi Bəxtiyar Muradov, Tarix Diyarşünaslıq Muzeyinin direktoru Pərvin Nəzərəliyeva və elmi işçisi Fidan Böyükbabalı, Gəncə şəhidi Hacı Rauf Əsgərovun anası Brilliant Əsgərova, kitabxananın fəal oxucusu, Gəncə Maarif Evinin həmtəsisçisi İmamverdi Vəliyev, Gəncə şəhər İdman və Gənclər Baş idarəsinin gənclərlə iş sektorunun baş məsləhətçisi Maarif Quliyev, Fərəh İctimai Birliyinin kordinatoru Gülmira Həbibzadə çıxış etdilər.
Tədbirin bədii hissəsində Fərəh İctimai Birliyinin üzvi Sevinc Məmmədova Abbas Səhhətin “Vətən” şeirini, Ümid xeyriyyə cəmiyyətinin sədri Nailə Axundova isə pianoda ifa etdi. Gəncə uşaq incəsənət məktəbinin müəllim və şagird kollektivinin ifasında rəngarəng musiqi ifaları və bədii rəhbəri Xaliq Əliyev olan “Gəncə qönçələri” rəqs ansamblının möhtəşəm rəqsləri bir-birini əvəz etdi.
Tədbirdə Gəncə Rəsm Qalereyasının rəssamlarının əl işlərindən ibarət rəsm sərgisi və Gəncə MKS-nin 11 saylı kitabxana filialının 28 may Respublika gününə həsr olunmuş kitab sərgisi də təqdim olundu.
Sonda isə tədbir iştirakçıları ilə birlikdə xatirə şəkili çəkildi.