18.05.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxananın Uşaq şöbəsi 18.05.2023-ci il tarixində K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbdə 18 may Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “Tariximizi yaşadan məkanlar” başlığı altında söhbət təşkil etdi. Tədbiri aparan şöbənin baş kitabxanaçısı Aytən Əliyeva bildirdi ki, hər il 18 may tarixi dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd olunur. Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Tarixi qaynaqlardan məlumdur ki, muzeylər zamanın müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinədir. Muzey həm də şahiddir. O, eyni zamanda keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçidir. Tarixi, maddi və mənəvi abidələrlə zəngin olan ölkəmizdə də Beynəlxalq Muzeylər Günü qeyd edilir. Azərbaycanda milli mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olmuşdur. Ölkəmizdə bu sahənin inkişafı, muzeylər şəbəkəsinin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz həmişə muzeylərə böyük önəm vermiş, bu sahəyə də diqqət və qayğı ilə yanaşmışdır. Hazırda ölkəmizdə fəaliyyət göstərən muzeylər və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər.
Tədbirin sonunda şagirdlər Azərbaycanda fəaliyyət göstərən muzeylər haqqında hazırlanan videoçax izlədilər və mövzu diskusiya şəklində davam etdi.