18.05.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialında 17.05.2023-cü il tarixində İnsan alverinə qarşı mübarizə ilə əlaqədar “İnsan alveri bəşəri faciədir” başlığı altında söhbət keçirildi. Tədbiri filialın kitabxanaçısı Nailə Məmmədova açaraq, İnsan alverinə qarşı mübarizə yolları haqqında geniş məlumat verdi. O bildirdi ki, İnsan alveri – yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui- istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir. İnsan alverinin sosial-iqtisadi təbiəti yoxsulluğun yayılması, əməyin dəyərləndirilməməsi, az haqq ödənilməsi, səmərəli fəaliyyətlə məşğulluq imkanlarının əhalinin əksər kontingentləri üçün əlçatmaz və təhsilin aşağı olması, sosial müdafiənin yoxluğu və digər obyektiv səbəblərlə sıx bağlıdır. Beləliklə, insanların istismar şəraitinə məruz qalma risqi müəyyən səbəbli əlaqə təsirindən reallaşır. Tarixən də yoxsulluq, ehtiyac və səmərəli məşğulluğa yolun bağlanması insanları ağlasığmaz xətalara və təhlükəli əməllərə vadar edərək, onları iqtisadi davranışın risqli modelindən istifadə etməyə məcbur edib, köləliyə, insanın istismarına razılıqlarını «qanuniləşdirib». Bu səbəblər cəmiyyətin ümumi vəziyyətinə təsirsiz ötüşməyib. Risq sosial normaya çevrildikcə insanların iqtisadi davranış modeli də dəyişir. İnsan davranışlarının rasionallığı təhrif edilir. Beləliklə qeyri-leqal miqrasiyaya yol açılır və insanların köləliyə xas istismar olunmasına məcburi şərait yaranır. Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28.06.2005-ci il tarixli, 958-IIQ saylı Qanununa əsasən insan alverinin profilaktikası müxtəlif dövlət proqramları çərçivəsində xüsusi tədbirlər sistemi əsasında təşkil edilir.
Daha sonra mövzu etrafında tədbir iştirakçıları ilı müzakirələr aparıldı.Tədbirin keçirilməsinin əsas qəyəsi gələcəyimiz olan gəncləri
maarifləndirməkdən ibarət idi. Tədbirdə Texnologiya Universitetinin tələbələri və kitabxananın fəal oxucuları iştirak etdi.