10.05.2023
08.05.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət Idarəsi Samux rayon Mədəniyyət Mərkəzində 9 May Qələbə günü münasibəti ilə dəyirmi masa təşkil olunub. Tədbirdə Mədəniyyət Mərkəzinin kollektivi, Qarabağ müharibəsi qaziləri-Məmmədov Şəmsi Namiq oğlu, Əmiraslanov Sərxan Uramil oğlu və Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Samux rayon filiallının sədr müavini Quliyev Vasif Sayad oğlu iştirak ediblər. Tədbirdə ilk öncə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov çıxışında qeyd edib ki, indi Azərbaycanda 1941-45-ci illərdə böyük şücaət, qəhrəmanlıq göstərmiş insanların keçdiyi şərəfli döyüş yolu gənc nəslin ideoloji-mənəvi, hərbivətənpərvərlik tərbiyəsində mühüm
amilə çevrilib. Ona görə də hər il 9 may - Qələbə günü dövlətimiz tərəfindən təntənəli surətdə qeyd olunur. Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz bu qələbə naminə canlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq və həm də doğma Azərbaycan torpağını qoruyublar. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızının amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə çalışanların isə əmək rəşadəti dillər əzbəridir və bugünki nəsillər üçün daim örnək olaraq qalacaqdır.Bu gün öz həyatımıza görə borclu olduğumuz, bəşəriyyətin xilası naminə göstərdikləri misilsiz hünərləri qəhrəmanlıq salnaməsinə əbədi yazılmış igid oğulların və qızların adları yaddaşımızdan silinməz və bizləri, bu gün yaşayan insanları daim Vətən qarşısında borcumuzu unutmamağa çağırıram. Sonra çıxışında Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Samux rayon filiallının sədr müavini Quliyev Vasif bildirib ki, Ulu Öndər Heydər Əliyev müharibə veteranlarının xidmətlərini çox yüksək qiymətləndirərək deyirdi: «Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün
ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur». Sevindirici haldır ki, Ümummilli Liderin bu siyasi kursu onun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Böyük Vətən Müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşır, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atır.