02.05.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 01.05.2023-cü il tarixində Gəncə şəhər Səməd Vurğun adına 41№ -li tam orta məktəbdə Azərbaycan yazıçısı, şair, pedaqoq, filologiya elmləri doktoru, professor Zahid Xəlilin “Dəmir yumruq dastanı” kitabının təqdimatını keçirtdi.Tədbir vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın qəhrəman övladlarının bir dəqiqə sükut edilməsi ilə başladı. Şöbənin müdiri Ellada Rəhimova tədbiri açıq elan edərək əvvəlcə yazıçı haqqında məlumat verdi və qeyd etdi ki, Azərbaycanda uşaq ədəbiyyatının inkişaf etdirilməsinə böyük töhfələr vermiş Zahid Xəlil uşaq ədəbiyyatına xas zəngin xəzinənin sahibidir. Bildirdi ki, Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 2020-ci il xalqımızın uzun illərdən bəri qəlbində yaşatdığı arzuların gerçəkləşməsinə rəvac verdi. Vətəni dar gündən xilas etmək üçün qəhrəman oğullarımız Dəmir yumruq" altında birləşərək könüllü olaraq cəbhəyə yollandılar. 27 sentyabrda başlanan müharibə 9 noyabrda qələbə ilə sona çatdı, Vətənimizin görən gözü olan Qarabağ düşmən tapdağından azad oldu. Sonra kitabı təqdim edərək qeyd etdi ki, 10 yaşından yuxarı şagirdlər üçün nəzərdə tutulan kitabda vətən müharibəsində qazandığımız zəfərdən, qəhrəman oğullarımızın igidlıklərindən bəhs edilir. Əsərin baş qəhrəmanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevdir. Qalibiyyət simvolu olan "Dəmir yumruq" ifadəsi Azərbaycan xalqının, türklərin birliyinin simvolu kimi xalqımızı birləşdirərək mübarizə səfərbər edir. Tədbirin sonunda bildirildi ki, kitabı uşaq kitabxanasının fondundan əldə edə bilərlər. Tədbirdə məktəbin bir qrup müəllim və şagirdləri iştirak etdilər.