30.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialında 27.04.2023-cü il tarixində yazıçı, ədəbiyyatşünas Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyi münasibəti ilə “Mir Cəlal Paşayevin ədəbi irsi” başlığı altında xülasə keçirildi. Tədbiri filialın müdiri Esmira Həsənova açaraq, Mir Cəlal Paşayevin həyat və yaradıcılığı haqqında məlumat verdi. Esmira Həsənova bildirdi ki, Mir Cəlal Paşayev həm elmi-nəzəri, həm də ədəbi- bədii fəaliyyətində Azərbaycanın, Azərbaycan xalqının, intellektual, mənəvi, ideya, siyasi, etnik-mədəni diriliyinin təsdiqinə, vətəndaşlıq hüququnun hər cəhətdən tanınmasına, bu amalın təntənəsinə çalışmışdır. Mir Cəlalın “Dirilən adam”, “Bir gəncin manifesti”, “Yolumuz hayanadır” romanlarında keçmiş, “Açıq kitab”, “Yaşıdlarım”, “Təzə şəhər” romanlarında isə müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınıb. Mir Cəlalın bədii yaradıcılıq nümunələri dəfələrlə nəşr olunub. Hekayə və povestlərdən ibarət “Şəfəqdən qalxanlar”, “Dağlar dilə gəldi”, “Ləyaqət”, hekayələrdən ibarət “Bostan oğrusu”, “Gözün aydın” , “Vətən” , “Həyat hekayələri” , “Sadə hekayələr” “Xatirə hekayələri”, “Gülbəsləyən qız”, “Silah qardaşları” və s. kitabları bu qəbildəndir. Ümumiyyətlə, indiyədək yazıçının 70-dən çox kitabı çap edilib. Daha sonra isə yazıçının Seçilmiş əsərləri və Mir Cəlal həyatı mühiti , ədəbi,elmi və pedaqoji fəaliyyəti 2 cilddə kitablarının xülasəsini etdi. Tədbirdə Texnologiya Universitetinin tələbələri və kitabxananın fəal oxucuları iştirak etdi.