05.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 №-li kitabxana filialı Aprel döyüşləri Şəhidlərinin anım günü ilə əlaqədar Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Şəhid İnqilab Çingiz oğlu Quliyevin ailəsi ilə görüş keçirib. Tədbirdə Şəhidin ailə üzvləri, qohumları, yaxınları, Gəncə şəhər 21 nömrəli tam orta məktəbin müəllimləri və şagirdləri, Gəncə İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması mərkəzinin sədri Sitarə Hacıyeva və II Qarabağ-Vətən müharibəsinin qazisi Cəfər Məmmədov iştirak ediblər.
Tədbirdən əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirin aparıcısı kitabxana filialının müdiri Mirvari Cəfərova Şəhid İnqilab Quliyevin keçdiyi şərəfli həyat yolu haqqında məlumat verərək bildirib ki, Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Aprel döyüşləri 1994-cü ildə əldə olunan atəşkəsdən sonra ordumuzun ən şanlı qələbəsinin başlanğıcı idi. Sağlığında Ordunun yaranmasının 90 və 95-ci il yubiley medalları ilə, 10 il qüsursuz xidmətə görə "İgidliyə görə" III dərəcəli medalı ilə, Müdafiə Nazirliyi və korpus komandiri tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif olunan qəhrəman İnqilab Quliyev şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi. İnqilab Vətən sevgisi ilə yaşadı, böyüdü və Vətənlə bütünləşdi.
Tədbirdə Şəhidin atası Çingiz Quliyev, anası Sədaqət Ağayeva, bacıları Lamiyə Quliyeva və Fidan Usubova Şəhidimiz İnqilab Quliyev haqqında xatirələrini bölüşüblər. Onlar qeyd ediblər ki, öz istəyi ilə hərb sahəsini seçən igidimizin ən böyük arzusu torpaqlarımızı işğaldan azad etmək və üç rəngli bayrağımızı işğaldan azad olunmuş doğma yurdu Kəlbəcərə sancmaq idi. İnqilab çox gözəl bilirdi ki, torpaqlarının bir qismi işğal altında olan bir vətən hər zaman şəhid verib və verəcək. O da vətənin azadlığı naminə can verməyə hər an hazır idi. İnqilab "Vətən" deyib vətənləşən oğullardan biri oldu.
II Qarabağ-Vətən müharibəsinin qazisi Cəfər Məmmədov qeyd edib ki, biz Azərbaycan gəncləri birinci Qarabağ müharibəsi, 2016-cı ilin Aprel döyüşləri müharibəsində əcdadların hərbi ənənələrinə sadiq qalaraq, çətin sınaqlardan ləyaqətlə keçdik, düşmənə qarşı rəşadətlə vuruşduq.
Mərkəzin direktor əvəzi İlknur İsgəndərova Şəhidimiz İnqilab Quliyevin ailəsinə belə igid övlad yetişdirdikləri üçün təşəkkür edib və qeyd edib ki, Vətən torpağının toxunulmazlığı və bütövlüyü onun uğrunda can verərək, qan tökərək fədakarlıq göstərən cəsur oğullar sayəsində təmin olunur. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin, qazilərimizə can sağlığı versin.
Tədbirdə 21 nömrəli tam orta məktəbin şagirdləri Şəhidin övladları Hüseyn və Əyyam Quliyevlərin birgə iştirakı ilə “Şəhidlərimiz qürur yerimizdir” adlı bədii kompozisiya ilə çıxış ediblər.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.