Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“31 mart soyqırımı - XX əsrin unudulmayacaq cinayəti” mövzusunda konfrans keçirilib

31.03.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 №-li kitabxana filialı 31 mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar “31 mart soyqırımı - XX əsrin unudulmayacaq cinayəti” mövzusunda konfrans keçirib. Konfransda Gəncə şəhər 17 nömrəli tam orta məktəbinin müəllimləri və şagirdləri iştirak ediblər.

Konfransdan öncə Mərkəzin elmi işçisi Gülər Ellazova şagirdləri Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyi ilə tanış edib.

Tədbirdən əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirin aparıcısı kitabxana filialının müdiri Mirvari Cəfərova 31 Mart - azərbaycanlılara. qarşı törədilən soyqırımı haqqında məlumat verərək bildirib ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.

Mərkəzin direktor əvəzi İlknur İsgəndərova, məktəbin tarix müəllimi Lamiyə Qocayeva, kitabxana filialının böyük kitabxanaçısı Günel Əliyeva, mərkəzin elmi işçisi Gülər Ellazova və kiçik elmi işçisi Dursun Əliyeva çıxış edərək bildiriblər ki, Azərbaycan xalqına qarşı törədilmiş və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış 31 mart soyqırımı tariximizin faciəli səhifələrindən biridir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. Ötən əsrdə dörd dəfə 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə yaranmış siyasi vəziyyətdən, müstəmləkəçilik dövründən faydalanaraq ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiyalara baxmayaraq mənfur düşmənin “Böyük Ermənistan” xülyası gerçəkləşməmişdir. Artıq həm hərb, həm də siyasi arenada uzaqgörən liderimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev, mübariz xalqımız, rəşadətli ordumuz ermənilərə layiq olduğu cavabı verib. Güclü Azərbaycan dövləti indidən sonra da tarixi torpaqlarına göz dikən, xalqımıza qarşı yönələn bütün təhdidlərə cavabını verəcəkdir.

 

551.9 KB